“AzərPoçt” niyə innovativ ola bilmir? - Özəlləşdirməyə ehtiyac var

“AzərPoçt” niyə innovativ ola bilmir? - Özəlləşdirməyə ehtiyac var

Hazırda oxunan: “AzərPoçt” niyə innovativ ola bilmir? - Özəlləşdirməyə ehtiyac var

8445

Hazırda dünyada hökm sürən pandemiya şəraiti insanların səfər imkanlarının məhdudlaşması yüklərin və sifarişlərin çatdırılması istiqamətində beynəlxalq danışma işinin əhəmiyyətini daha da artırıb. Bir çox ölkədə beynəlxalq danışmanın həyata keçirilməsində poçt xidmətləri xüsusi daşıma xidmətləri ilə rəqabətli şəkildə fəaliyyət göstərir və ümumi istiqamət baxımından onlardan o qədər də fərqlənmir. Bu baxımdan Azərbaycanda poçt xidmətinin vəziyyəti o qədər də ürək açan deyil.

Son 1 il ərzində Azərpoçtla bağlı xəbərlər içərisində “yenilik” sözünə cəmi bircə dəfə rast gəlmək olur.
 

O da “Poçta Rossii” ilə aparılan danışıqlar nəticəsində beynəlxalq poçt göndərişlərinin qəbulunun həyata keçirilməsi ilə bağlıdır. 



Beynəlxalq poçt göndərişləri həyata keçirilən dövlətlərin sayını 40-a çatdıran “Azərpoçt” pandemiyanın hökm sürdüyü son aylarda sadəcə həftə sonları xidmət göstərməklə yadda qalıb. Azərpoçtla bağlı digər xəbərlər içərisində isə müxtəlif poçt filialların inzibati binalarının,
 

"Şəbəkə” Xidmət Mərkəzinin təmiri, mebel avadanlıqlarının təchizi işləri ilə bağlı olduğu nəzərə çarpır. 


2015-ci ildə Nəqliyyat, Rabitə və Yüksək texnologiyalar Nazirliyinə yeni rəhbər Ramin Quluzadənin təyin olunmasından bəri keçən 6 il ərzində nazirliyə bağlı qurum olan “Azərpoçt”-da innovativ şəbəkənin yaradılması haqqında hər hansı nəzərə çarpan iş görülməyib. Təəsüflər olsun ki, Azərpoçt bu müddət ərzində vətəndaşlarla daimi ünsiyyətdə olacaq önəmli struktura çevrilə bilməyib. Hansı ki, bunun üçün əlində kifayət qədər resursa və texniki imkanlara malik idi. Lakin keçən müddət ərzində bunun tamamilə əksini görürük. Artıq 10 aydır ki, davam edən pandemiya dövründə Azərpoçt rəsmi dövlət qurumu kimi hər hansı təşəbbüslə çıxış edə bilərdi.

Oxşar şəkildə pandemiya şəraiti Azərbaycanla yanaşı dəgər ölkələrin poçt sistemlərinə də təsirsiz ötüşməmişdi.

Lakin Azərpoçtdan fərqli olaraq digər ölkələrə məxsus rəsmi qurumlar vətəndaşlara daha innovativ xidmətlər təklif etməklə yadda qalmışdı. Məsələn, pandemiya dövründə “Poçta Rossii” daşınmaların elektron qeydiyyatı və kuryer sistemləri ilə yanaşı “Poçta Market” xidməti də təklif edirdi. Bu xidmət vasitəsilə vətəndaşlar xaricdən və ölkə daxilində zəruri avadanlıqların asan və elektron formada alış-verişini həyata keçirir, alınmış mallar poçt xidməti vasitəsilə çox qısa zamanda ünvana çatdırılırdı. Vətəndaşlar evdən çıxmadan sadəcə mobil tətbiqlər vasitəsilə zəruri poçt və daşınma xidmətlərini icra edə bilirdi.

Türkiyə poçt xidməti də eynilə özəl daşıma şirkətlərində olduğu kimi ən qısa müddətdə çatdırılma və yüklərin vətəndaşlar tərəfindən ünvana qədər izlənilməsi kimi onlayn imkanlar təmin edir.

Lakin bütün bu müddət ərzində Azərpoçt baş qatmaq əvəzinə müxtəlif şirkətlərin Azərbaycan bazarında icra etdiyi daşıma fəaliyyətlərini çox asan şəkildə həyata keçirə bilərdi. Bu gün vədəndaşlar beynəlxalq daşınmaları həyata keçirmək üçün fərqli daşınma şirkətləri ilə əməkdaşlıq edir. Bəzən gömrüklə çətin anlar yaşayır... gah Smar Custom işləmir, gah da digər problem üzə çıxır. Buna rağmən həmin şirkətlər vasitəsilə həyata keçirilən daşınma və çatdırılmalar 1 həftə və daha qısa müddətdə vətəndaşa təqdim edilir. Azərpoçt isə eyni fəaliyyəti daha uzun müddətdə icra edir.
 

MÖVZU İLƏ BAĞLI:

Gömrüyün işi dayandı – “İzahını vermək üçün gərək 3 səhifəlik esse yazım...”


Hətta daşınma və çatdırılmalar vətəndaşlara vaxtında təqdim edilsə belə, Azərpoçtun fəaliyyəti bir sıra suallar doğurur: Azərpoçt qarşısında hansı səmərəlilik göstəricilərinin müəyyən olunub

Qurum tərəfindən büdcəyə nə qədər illik vəsait təmin edilməlidir?  Azərpoçtun inkişaf strategiyası hansı meyarlar ilə müəyyən edilir?

Məhz bu suallara cavablar olmadığından Azərbaycan bazarında daşınmalar sahəsində Azərpoçt rəqabətə davamlı xidmət təklif edə bilmir.

Digər tərəfdən Azərpoçt təkcə beynəlxalq yox, ölkə daxili daşınmalarda kuryer xidməti kimi fəaliyyətini optimallaşdıra bilərdi. Lakin bu sahədə də Azərpoçt xarici şirkətlərlə rəqabətdə geri qalan tərəfdir. Bütün imkanlara baxmayaraq, Azərpoçt pandemiya dövründə yalnız Azercell şirkətinin yaşlı və ahıl insanlara yardımlarını çatdırmaqla yadda qalmağa çalışdı. Bəs bu prosesin davamı gəldimi? Xeyr, çünki bu təşəbbüsləri həyata keçirən təşkilat və şirkətlər görülən işləri daha çevik, iqtisadi cəhətdən daha səmərəli şəkildə həyata keçirir.

Bəhs etdiyimiz iki istiqamət üzrə Azərpoçt öz fəaliyyətini daha səmərəli şəkildə təşkil edə bilərdi. Ən azından rəsmi dövlət qurumu olaraq bu istiqamətlər üzrə kifayət qədər resursa və şəbəkəyə malikdir. Bu cür fəaliyyət eyni zamanda dövlət büdcəsinə maliyyə gətirilməsini təmin edə bilər, vətəndaşların zəruri tələbatlarının ödənilməsində və vətəndaşla birbaşa ünsiyyətin təmin olunmasında Azərpoçtun rolunu artırmış olardı. Eyni zamanda, vətəndaş üçün müəyyən xidmətlərin daha ucuz olmasına imkan yaradardı.

Çünki, Azərpoçt dövlət tərəfindən maliyyələşən, yəni vergi ödəciyilərinin hesabına yaşayan təşkilatlardandır.

Halbuki, bu gün biz Azərpoçtun öz təyinatı üzrə poçt xidmətini belə düzgün şəkildə təşkil etdiyini hiss etmirik. Təəssüflər olsun ki, bu gün Azərpoçt daha çox kommunal ödənişlər üçün müraciət edilən bir quruma çevrilməyə doğru inkişaf edir. O zaman sual olunur, bəs nə üçün Azərpoçt innovativ ola, yeniliklərlə ayaqlaşa bilmir? Əgər vəziyyət bu qədər acınacaqlıdırsa, o zaman Azərpoçtun fəaliyyətinə nə ehtiyac var?

Bəs indi Azərpoçtun gələcək fəaliyyətləri nələrdir? Təəssüf ki, bir vətəndaş olaraq bu barədə hər hansı məlumatımız yoxdur. Son aylar ərzində görülən “işlər” eyni qayda ilə davam edəcək kimi görünür. Azərpoçt dövlət büdcəsindən ayrılan maliyyə hesabına öz varlığını bu cür, fəaliyyətsiz, innovasiyalar olmadan və mebel avadanlıqlarının təmiri işləri keçirəcək və ya öz saytında Belarusdan Azərbaycana malların sürətli çatdırılmasını təbliğ edəcək. Maraqlıdır, Azərbaycan vətəndaşları malları və məhsulları Amazon və AliBaba kimi platformalardan aldığı halda, Azərpoçtun rəsmi saytında Belarusdan Azərbaycana malların gətirilməsi ilə bağlı banner şəkilində reklam yerləşdirilməsi hansı maliyyə göstəricisini və perspektivlərini göstərir?
 


Görünən odur ki, rəsmi dövlət qurumlarının fəaliyyəti tənzimləmək üçün Səmərəli Fəaliyyət Göstəricilərinin (KPİ) tətbiq olunmasına ehtiyac var.


Məhz bu yolla rəsmi qurumların fəaliyyətinin dövlət üçün nə dərəcədə səmərəli olduğunu müəyyənləşdirmək mümkün ola bilər. Nəzərə alsaq ki, Azərpoçt da digər rəsmi qurumlar kimi dövlət büdcəsi hesabına maliyyələşən qurumdur, o zaman bu qurumunun səmərəlilik əmsalı  dövlətə qazanc təmin edəcəyi kimi, fəaliyyətsizliyi də dövlət büdcəsindən gərəksiz xərclərin edilməsi deməkdir.

Bütün bunları nəzərə aldığımızda Azərpoçtun bu günki mövcudluq səbəbini anlamaq olduqca çətinləşir. Əgər rəsmi qurum kimi Azərpoçt vətəndaşa xeyir vermirsə və dövlət büdcəsinə gəlir gətirmirsə, bu cür qurumun özəlləşdirilməsi daha səmərəli olmazdımı?

Ən azından özəlləşdirilmiş Azərpoçt Azərbaycan bazarından öz varlığını davam etdirmək üçün innovativ yenilikləri tətbiq etməyə məcbur qalacaqdı. Bu həm işin keyfiyyətinə təsir göstərəcək, həm də dövlət büdcəsinə gəlir gətirəcəkdi. İstənilən ssenaridə bu günki Azərpoçtdan daha uğurlu bir qurumun şahidi olardıq.

Rəvan Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO