“Xalqımızın şəhid ailələrinə olan qayğısı, rəğbəti göz önündədir. Mən deyərdim ki, bu dəstək biz şəhid ailələrinə çox böyük stimul, təskinlik verir”.
Bizim.Media xəbər verir ki, bu sözləri Azərbaycanın Milli Qəhrəmanı, şəhid polkovnik İlqar Mirzəyevin oğlu Elvin Mirzəyev anım tədbirində çıxışı zamanı səsləndirib.
MÖVZU İLƏ BAĞLI:
"Mən evdə belə qəhrəman böyütdüyümü bilmirdim" - Polkovnik İlqar Mirzəyevin anasından təsirli ÇIXIŞ
Keçən ilin bu aylarında əsgərliyə yollanan şəhid övladı artıq bu gün atasının ziyarətinə hərbi xidmət borcunu uğurla yerinə yetirib gəlib.
E.Mirzəyev düşmən işğalından azad olunmuş ərazilərimizə səfərindən də söz açıb:
“Əsgərliyə getməmişdən öncə Şuşa şəhərində, Hadrutda oldum. Bu mənim üçün qürurverici bir hiss idi. Çünki atamın Müzəffər Ordumuzla birlikdə düşmən azad etmək istədiyi, həsrətində olduğu o torpaqlara getmişdim.
Biz Gürcüstanlıyıq, atam Gürcüstandan Azərbaycana Ali hərbi məktəbə daxil olduğu il 1-ci Qarabağ müharibəsi başlayıb. Təhsil aldığına görə də iştirak edə bilməmişdi.
Ona görə də atam Qarabağda döyüşüb torpaqları işğaldan azad etməyi çox istəyirdi və hər zaman bizimlə ünsiyyətində bu arzusunu dilə gətirirdi. Çox şükür ki, onun arzusunu Müzəffər Ordumuz reallaşdırdı. Şuşada olarkən atamı yanımda hiss etdim sanki, o da mənimlə bu gözəlliyə tamaşa edirdi. Şuşadan qayıdanda özümlə bir ovuc torpaq götürdüm və evin ən gözəl yerində saxlayıram”, - deyən E.Mirzəyev sonda diqqət, qayğı göstərən hər kəsə öz təşəkkürünü bildirib.
Səkinə Yusibli, Bizim.Media