Xəbər verdiyimiz kimi mayın 10-dan etibarən “Google map” qlobal naviqasiya resursunda paytaxtda fəaliyyət göstərən marşrut xətlərinin istiqaməti haqqında xəritədə məlumatlar artıq göstərilmir.
Nəticədə yerli sakinlər və turistlər üz tutacaqları məntəqəyə hansı ictimai nəqliyyat vasitəsinin getdiyini bilməkdə problem yaşayırlar. Problemin aradan qalxması istiqamətində BNA ən son açıqlamasında “Google Maps”in nəqliyyat komandası ilə də danışıqlar aparıldığını bildirib.
Həmçinin alternativ olaraq isə bu tip məlumatların hazırda yalnız BNA-nın alo141.az saytında və mobil versiyasında mövcud olduğu qeyd olunub.
MÖVZU İLƏ BAĞLI:
Marşrut məlumatları Google Maps-dan silindi: BNA özəl qurumu niyə CƏZALANDIRIR?
Lakin adıçəkilən sayt sözügedən resurs qədər effektiv ola bilməyib. Hazırda da “Google Maps” resursunda marşrut xətlərinin göstərilməsi məsələsi vətəndaşların müzakirə mövzusudur. Məsələ ilə bağlı hazırda işlərin nə yerdə olduğunu bilmək üçün Bakı Nəqliyyat Agentliyi (BNA) ilə əlaqə saxladıq.
Qurumun sözçüsü Mais Ağayev Bizim.Media-ya açıqlamasında prosesin tez zamanda yekunlaşacağı və problemin aradan qaldırılacağı haqqında məlumat verib:
“Google map’s-in nəqliyyat komandası ilə bildiyiniz kimi müzakirələr gedirdi. Müntəzəm marşrut xətləri ilə bağlı zəruri olan məlumatlar bu müzakirələr çərçivəsində onlara təqdim olunub. Sadəcə Google map’s-in məlumatların emal olunması proseduru var. Biz davamlı olaraq onlarla əlaqədəyik və verilən məlumata görə artıq proses yekunlaşmaq üzrədir”, - deyə o, qeyd edib.
Səkinə Yusibli, Bizim.Media