20 şəhid verən bölgədə xatirə-bulaq kompleksinin açılışı oldu - FOTO

20 şəhid verən bölgədə xatirə-bulaq kompleksinin açılışı oldu - FOTO

Hazırda oxunan: 20 şəhid verən bölgədə xatirə-bulaq kompleksinin açılışı oldu - FOTO

79042

Qubanın Rustov kəndində Qarabağ şəhidlərinin xatirə-bulaq kompleksinin açılışı olub.

Kompleksin inşasında diqqətçəkən məqam burada Böyük Vətən Müharibəsində həlak olan rustovluların xatirəsinə salınmış abidənin də yenilənməsidir.

Bizim.Media xəbər verir ki, Rustov İnzibati Ərazi Dairəsinin əhatə etdiyi kəndlərdən olan, Birinci Qarabağ Müharibəsində və Vətən Müharibəsində şəhid olan 20 nəfərin xatirəsi əbədiləşdirilib.

Xatirə kompleksində Vətən Müharibəsində Quba rayonunun verdiyi şəhidlərlə birgə Azərbaycanın Milli Qəhrəmanı Polad Həşimov, yəhudi əsilli Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun fotoları da yer alıb.
Kompleks sakinlərin, ziyalıların, xeyriyyəçi və şəhid ailələrinin dəstəyi ilə ərsəyə gəlib.

Açılış mərasiminə sakinlər, rayonun icra və DTX-nin rayon rəsmiləri, ictimaiyyət nümayəndələri, şəhid ailələrinin nümayəndələri, ayrı-ayrı, təşkilat, idarə, hüquq-mühafizə orqanlarının rəhbərləri qatılıb.

Mərasimdə çıxış edən Quba İH başçısı Ziyəddin Əliyev xatirə kompleksi inşa edilərkən Böyük Vətən Müharibəsində həlak olan insanların xatirəsinə salınmış abidənin də bərpa edilməsini təqdirəlayiq hal hesab edib.

Onun sözlərinə görə, Rustov inzibati dairəsi Qarabağ münaqişəsində ümumilikdə 20 şəhid verib:

"Birinci Qarabağ Müharibəsində səriştəsiz ordunun olduğu dövrdə də şəhid verdik, Vətən Müharibəsində də. Birinci Qarabağ Müharibəsindən fərqli olaraq, Vətən Müharəbəsində dəmir yumruqlu lider İlham Əliyevin rəhbərliyi altında müzəffər ordumuz bizə 30 il əvvəl itirilmiş torpaqlarımızı qaytardı.

Bu nümayəndəlikdən olan Mehrab Niftəliyev, Elməddin Abdullayev, Kərəm Veysov kimi və digər qeyrətli oğullarımızın sayəsində biz tarixi və şanlı zəfər yaşadıq."
Açılış mərasimində çıxış edən şəhid ailələrinin nümayəndələri övladlarının xatirəsinin əbədiləşdirilməsində əməyi olan hər kəsə minnətdarlıq ediblər.

Məktəblilər qəhrəmanlığı tərənnüm edən şeirlər səsləndirib.

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO