Düşüncə uzmanlarımız...

Düşüncə uzmanlarımız...

Hazırda oxunan: Düşüncə uzmanlarımız...

78879
Son vaxtlar insanlara verilən qiymətdə təhriflərə yol verilir. Anlayışlar əsl mənasını itirir və insanların bu anlayışlara nə qədər aid olduğunu müəyyən etməyə çətinlik çəkirsən. Çox vaxt bəzi vəzifə sahibləri, xüsusən də təhsil sferasını özəlləşdirmiş insanlar məsləhət görürlər ki, uşaqlara ”x9dvətənpərvərlik dərsləri”x9d keçmək lazımdır ki, onlar vətənpərvər olsunlar, onların məsləhət bildiyi insanlara bənzəsinlər. 

Məgər təbliğat aparmaqla insanlar vətənpərvər olurlar? Yaxud, onların nümunə seçdiyi insanlar doğrudanmı vətənpərvərdir? Unutmayın ki, təbliğatla vətənpərvər olmaq olmur, insan vətənpərvər doğulur! Əslində səlis məntiq bizə özünü vətənpərvər hesab edən hər kəsə bu cür baxmağa vadar edir, amma qeyri-səlis məntiq isə həm vətənpərvərliyin çalarlarını görməyə, həm də onu başqa məfhumlardan fərqləndirməyə imkan verir.
İnsanların təsəvvüründə belə bir köhnəlmiş və zərərli fikir var: əgər müharibədə döyüşmüsənsə, deməli, vətənpərvərsən, yaxud da hansısa partiyanın üzvüsənsə vətənpərvərsən. Amma bütün bu fikirlər çox yanlışdır. 
Məşhur alim Lütfü Zadənin kəşf etdiyi və onun davamçısı, görkəmli alim, professor Rafiq Əliyevin bizlər üçün anlaşılan etdiyi qeyri-səlis məntiq nəzəriyyəsi isə bu anlayışları, onların fərqini izah etməkdə bizə yardımçı olacaq.

Təbliğat önəmli bir üsuldur. Vətəni tanıtmaq, uşaqlara gəzinti turları təşkil etmək, yurdumuzun gözəlliklərini onlara göstərmək olar. Gəzəcəklər, yurdumuzun gözəlliyindən zövq alacaqlar, amma o uşaqların hamısı vətənpərvər olmayacaq. Çünki vətənpərvər olanlar bunun üçün qarşısına məqsəd qoymur, sadəcə, vətənpərvər olur, bu hissi doya-doya yaşamaq istəyir. Vətənpərvərlik uşaq aləmi üçün bir qədər mürəkkəb anlayışdır. Bu hiss insanlara kömək etmək və daha çox faydalı ola bilmək, dürüst, haqsızlığa qarşı barışmaz olmaq duyğusu ilə bağlıdır. Belə insanlar hansı sənəti seçirsə-seçsin, bu sənətin ən yaxşı bilicisi olmağa çalışırlar, sənətin bütün imkanlarını araşdırırlar, çünki bu halda daha çox insana fayda verə bilirsən. Çox zaman vətənpərvərliklə fanatikliyi qarışdırırlar. Bəzən başqalarının küyünə getmək, hansısa ideyadan ruhlanıb heç bir elmi, mənəvi və siyasi əsası olmayan fikirlərin ardınca qaçmaq, yaxud da kimlərinsə ardınca gedib onların fəaliyyətlərinə ortaq olmaq vətənpərvərlik deyil. Bu, fanatiklikdir! Müharibədə öz fiziki imkanlarını göstərmək, döyüşlərə qatılmaq, amma çətin məqamda gərəkli qərarı verə bilməmək fanatiklikdir. Belə qəhrəmanlar kimlərinsə göstərişi ilə irəli gedər, düşmən üstünə hücuma da keçər, sonra həmin göstərişlə də geri çəkilə bilər. Amma bu hücumların əhəmiyyətini, nəticəsini analiz etməyə biliyi və iradəsi çatmaz. Fanatikliyi vətənpərvərlikdən fərqləndirən daha bir xüsusiyyət isə onun təhlükəli olmasıdır. Fanatiklər təhlükəli olurlar, çünki onlar inqilabçılardır, onların təhlükəlisi uçurmağa, dağıtmağa, öldürməyə can atır, psixoloji və mənəvi bacarıqsız olmaqları ilə barışmırlar, bunun heyfini isə hamıdan çıxmağa çalışırlar. Mənfəətpərəstlər onları hədsiz dərəcədə hakimiyyət, güc hərisi olmağa ruhlandırır. Guya haqsız saydıqları kimlərisə cəzalandırmaq üçün və onlara mane olan hər kəsdən qisas almağa çalışırlar. Vətənpərvərlik isə heç bir zaman nə dövlət, nə millət, nə də insanlıq üçün təhlükəli olmur, əksinə, vətənpərvər insanlar həmişə vətəninə, dövlətinə daha faydalı ola bilmək üçün çalışırlar, ya elmi, ya hərbi, ya sağlamlıq, ya də mədəni fəaliyyətlərlə məşğul olurlar. Onlar hər cür çətin şəraitdə cəmiyyətdəki haqsızlıqlarla vuruşa-vuruşa fəaliyyətlərində bacarıqlı olmağa çalışırlar, peşəkar həkim, peşəkar müəllim, peşəkar hərbçi, peşəkar alim, bir sözlə, işinin bilicisi olurlar. Vətənpərvərlik- vətəndaşlıq borcunu anlayan insanların daha çox insana faydalı olmaq düşüncəsidir. Daha mühüm məqam odur ki, cəmiyyət həmişə fanatiklərdən uzaq olmalı, onları nümunəyə çevirməməli, fəallaşmağa qoymamalıdır, amma ən mühüm məqam odur ki, cəmiyyət vətənpərvər övladlarını qorumalıdır. Çünki cəmiyyətin haqsızlıq, rüşvətxorluq, mənfəətpərəstlik tərəfdarları vətənpərvərləri xoşlamırlar, onlara qarşı ləkələmə kampaniyaları aparırlar. Onların müstəqil düşüncəli, düzgün qərar vermək qabiliyyətləri həm fanatiklərə, həm də cəmiyyətdəki müftəxor ünsürlərə mane olur. Çünki bu ünsürlər sadə insanları aldatmaqla, onların hüquqlarını tapdayaraq hakimiyyət, pul, sərvət qazanmağa çalışırlar. Vətənpərvər insanlar isə cəmiyyətdəki hər cür haqsızlıqlara qarşı mübariz olurlar. Əlində silah dövlət sərhədini qoruyan, onu pozanları cəzalandıran əsgər də, muzeydəki əşyaları, nadir əlyazmaları göz bəbəyi kimi qoruyan işçi də, şəraitsiz məktəbdə, köhnə sinif otağında şagirdlərinə gözəl bir mənəvi aləm yaradan, onların əhvalını hər zaman xoş edən müəllim də, xəsətlərinin sağlamlığını hər şeydən önəmli tutan həkim də, kəndlinin əməyinin hədər olmasına imkan verməyən aqronom da, ölkəsini dünyaya tanıdan alim də, idmançı da vətənpərvərdir.
Təəssüf ki, fanatiklər bu gün də var, müxtəlif partiyaların sıralarında, təşkilatlarda, idarələrdə, eyni zamanda özlərini vətənpərvər saymaqda iddialıdırlar, kimlərinsə göstərişi ilə ortalığa atıla bilirlər, amma sərbəst düşüncə ilə haqsızlığa qarşı çıxa bilmirlər. Bəzən haqsızlığın həyata keçməsinə kömək edirlər, yaxud da susurlar. Onların bəziləri təriflə, bəziləri maddi dəstəklə, bəziləri vəzifə ilə, bəziləri də müxtəlif vədlərlə kimlərinsə küyünə gedə bilirlər. 1989-90-cı illərdə də belə fanatiklər var idi. Qarabağ müharibəsi də məhz onların və onların ardınca gedənlərin “vətənpərvərliyinin sayəsində”x9d uğursuz sonluğuna qovuşdu. Onlar “gözəgörünməz liderlərinin”x9d əmrlərini yerinə yetirirdilər. Nemət Pənahlı, Etibar Məmmədov, Rəhim Qazıyev, Surət Hüseynov və s. kimiləri.
1918-ci ildə Azərbaycanın ziyalıları, peşəkar hərbçiləri, həkimləri, müəllimləri, siyasətçiləri Şərqin ilk Demokratik Cumhuriyyətini qurdular. Ordu yaratdılar, dövləti təşkil etdilər, təhsil, səhiyyə sahəsində islahatlar həyata keçirdilər. Dünyanın bir çox dövlətləri ilə diplomatik əlaqələr qurdular. Lakin bu quruluşdan narahat olan işğalçı rus bolşevik fanatikləri Azərbaycanda da zamanla belə fanatiklər “yetişdirməyə”x9d nail olmuşdular. Odur ki, hakimiyyət hərisliyi onları inqilabçı olmağa vadar edirdi, başda Nəriman Nərimanov və Çingiz İldırım olmaqla onlar Azərbaycanın müstəqil dövlətini məhv etmək üçün əllərindən gələni etdilər. Sonunda isə onları ”x9dyaradan”x9d rus şovinizmi elə ”x9döz əlləri”x9d ilə də onları məhv etdi. Fanatizm heç bir zaman uğur mənbəyi ola bilmir, çünki fanatiklər yetişdirmək kimlərinsə şəxsi maraqlarını həyata keçirnək, insanlar üzərində hökm etmək imkanları yaratmaq üçün lazım olur, sonu isə hər zaman peşmançılıq gətirir. N.Nərimanovun oğluna yazdığı etiraf məktubu kimi. Tarixdə belə faktlar yetərincədir, amma nəticə çıxartmaq üçün bu da bəs edər. 
Yazının əvvəlində vətənpərvərləri qorumaq lazımdır, demişdim. Bu isə doğrudan da vacibdir. Çox üzağa getməyək, Qarabağ savaşında ən böyük nöqsanımız həmişə “yuxarıdan”x9d əmr gözləmək acizliyi olmuşdu. Təbii ki, müstəqil dövləti, müstəqil ordusu olmayan Azərbaycanda illər boyu yuxarının əmri ilə hərəkət etmək “xəstəliyi”x9d mövcud idi. Odur ki, nə xalq öz taleyi ilə bağlı düzgün qərar verə bildi - torpağına sahib çıxdı, nə də könüllü dəstələr bu əzmi göstərməyi təkbaşına bacardı. Həmişə də yuxarıdan kömək gözlədilər, yuxarıdan səhv əmrlər aldılar və günahkarlar yuxarılar oldular. Təəssüf ki, bu gün də həmin “yuxarıların”x9d heç biri nə cəzalanmayıb, nə də “görünmür”x9d. Amma onu da deyək ki, öz gücünə, biliyinə güvənən, müstəqil şəkildə hərəkət edən, daxilən azad, ətrafında peşəkar dəstə toplamağı bacaran əsl vətənpərvərlər də var idi, onlar ən çətin məqamda necə qərar verəcəklərini bilirdilər və qələbə naminə çox işlər görürdülər, lakin həmin insanlar bəzən müəmmalı şəkildə yoxa çıxırdılar, ya da müəmmalı şəraitdə öldürülürdülər. Çünki onları kimlərinsə öldürəcəyini düşünmədiyimiz kimi, qorumaq da heç kimin ağlına gəlmirdi. Azərbaycan insanında düşmən obrazı yox idi, onun əlaltıları, işbirlikçiləri ola biləcəyi təsəvvürü də. Mikayıl Gözəlov, Allahverdi Bağırov, Riyad Əhmədov, Xocavənd səmasında vertolyot “qəzasında”x9d öldürülən peşəkar hökumət adamlarımız və adlarını çəkə bilmədiyim onlarla, yüzlərlə igid oğullarımız əsl vətənpərvərlər idi.
Qoruya bilmədiyimiz daha bir vətənpərvərimiz isə görkəmli alim, vətəndaş ziyalımız Xudu Məmmədov idi. Onun elmi fəaliyyəti, sosial-ictimai düşüncələri, verdiyi qərarlar Azərbaycan elmi, cəmiyyəti və yeni qurulan müstəqil dövlətimiz üçün çox önəmli və gərəkli idi, təəssüf ki, həmin fanatik “vətənpərvərlər”x9d onu da məhv etməyi bacardılar. 
Son dönəmlərin vətənpərvərlik hadisələrindən biri isə Mübariz İbrahimov idi. Addım-addım öz məqsədinə yaxınlaşan bu gənc peşəkarlığının, bacarığının bəlkə də ən son həddinə çatmışdı, hərbin bütün sirlərinə yiyələnirdi, o bilirdi ki, düşmənə qalib gəlməyin yolu da peşəkarlıqdan keçir. Mübariz bütün bir ordunu arxasınca aparacaq bir qüdrətə sahib idi. O, bizə, vətəninə, dövlətinə gərək idi. Amma onu tanıyanlar da onu qoruya, ona arzusunu gerçəkləşdirməkdə yardım edə bilmədi. Onu qorumaq, ona dəstək olmaq lazım idi. Vətənimiz isə daha bir vətənpərvərini itirsə də, qəhrəmanlıq tariximiz isə daha bir vətənpərvərini öz səhifəsinə qızıl hərflərlə yazdı.

Bu gün də millətimiz, dövlətimiz və qurmaq istədiyimiz düzgün vətəndaş cəmiyyəti üçün önəmli olan peşəkar insanlar, yəni vətənpərvərlər vardır. Onlar şəxsi mənfəəti üçün deyil, elmimiz, mədəniyyətimiz, təhsilimiz, mənəviyyatımız üçün həyatlarını həsr etmiş insanlardır. 
Görkəmli, dünyaca məşhur alim, vətəndaş ziyalı professor Rafiq Əliyev də bu insanlardandır. Uzun illər elmin inkişafında, ölkəmiz üçün savadlı, bacarığına güvənən kadrların yetişdirilməsində əvəzsiz xidmətləri olan, bir çox dövlətlərin ali məktəblərində dərslik kimi istifadə olunan, xaricdə dərc olunan onlarla kitabın müəllifi olan Rafiq Əliyev, haqsızlığa barışmaz mövqeyi, təmiz vicdanı, əqidəsi, əsl Azərbaycan türk kişisinə xas xüsusiyyətləri ilə indi çoxlarının fərqində olmadığı bir qərəzlə, “biganəliklə”x9d qarşı-qarşıyadır. Millətimiz və dövlətimiz üçün gərəkli olan bu insanı tanımaq, tanıtmaq və qorumaq bizim borcumuzdur. Eyni zamanda görkəmli fikir, düşüncə uzmanlarımız Ramiz Rövşən, Musa Yaqub kimi insanlarımız. Vətənpərvər olmaq öz mənafeyini, hətta öz həyatını xalqın, millətin, dövlətin mənafeyi naminə həsr etməkdir. Vətənpərvərləri qoruyun, çünki onlar yüzlərin, bəzən minlərin görə bilmədiyi faydalı işləri görməyə qadirdirlər, onlar hər zaman xalqa başucalığı gətirirlər. Onlar gördüyü işləri car çəkib deməzlər, heç kimin boynuna minnət də qoymazlar, kimsəni uğursuzluğuna görə günahlandırmazlar. İnsanlığa, millətinə təmənnasız xidməti ilə xoşbəxt olarlar və xalqını xoşbəxt görmək üçün çalışarlar. Vəzifə, mükafat üçün özlərini gözə soxmaz, reklam etməzlər. Övladlarını, qohumlarını vəzifələrə qoymaq üçün əqidəsini satmazlar, kimsələrə yaltaqlanmazlar. Bəlkə də belələrini çoxları öz aləmində “xeyirsiz”x9d sayarlar, amma nadanların ucuz mühakiməsi onları ruhdan salmaz. Onlar nə vəzifə, nə də səlahiyyət qəhrəmanı deyillər. Ən önəmlisi isə odur ki, onlar vəzifədə olmadan da insanlara faydalı olurlar, öz istedadları, xeyirxahlıqları, bacarıqları ilə. Vətənpərvərlər daxilən azad insanlardır, onlar heç kimdən əmr gözləməzlər, ən çətin məqamlarda belə, yüzlərlə, bəzən minlərlə insanın həyatını yaxşıya doğru dəyişəcək düzgün qərarlar verə bilirlər. Çünki onlar Tanrının verdiyi bacarığı insanlara sərf etməkdən yorulmaz, öz vicdanları ilə həmsöhbət olmağı bacarırlar.
Vətənpərvər olmaq hər adamın hünəri deyil!

Mehparə Rəhimqızı, 
Mingəçevir
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO