Moderator.az-ın baş redaktoru fevral ayında Naxçıvandakı "Əshabi-Kəhf"i ziyarəti zamanı yaranmış fürsətdən istifadə edərək Muxtar Respublikanı gəzərək qayıtdıqdan sonra təəssüratlarını oxucularla paylaşmışdı. Naxçıvandakı inkişafdan, Avropaya meydan oxuyacaq infrastruktur layihələrindən, idarəetmədəki sərt də olsa özəlliklərdən bəhs edilən bu yazıya anti-Naxçıvan ovqatına köklənmiş insanlar dodaq büzsələr də xeyli sayda insan hətta belə obyektiv yazıya görə təşəkkürünü də bildirmişdi. O zaman Naxçıvanda deyirdilər ki, niyə Bakıda bu quruculuğu, inkişafı gözləri götürməyənlər bu qədər çoxluq təşkil edir və niyə jurnalistlər Naxçıvanın tanınmış adamlarından Muxtar Respublika barədə rəy almırlar...
Biz Moderator.az olaraq bu barədə bir neçə tanınmış naxçıvanlıdan münasibət öyrənməyi qərara alıb və ittiham dolu suallarla ilk olaraq Naxçıvanın ağır günlərində onun harayına yetişən, bu yolda hamıdan çox əməyi olan YAP-ın qurucusu professor Əli Nağıyevə müraciət edib:
-Günahı məndə yox, özünüzdə axtarın. Siz jurnalistlər çox vaxt ünvanı düz tapa bilmirsiniz ki, filan şeyi kimlərdən soruşmaq lazımdır. Mənim Naxçıvan təəssübüm hər zaman yerində olub. Naxçıvanın təəssübünü çəkmək lazım gələn o təhlükəli zamanda mən Naxçıvanın təəssübünü çəkmişəm. Mən vaxtilə elə sizin sayta açıqlamamda da demişdim, Heydər Əliyevlə ilk görüşümdəcə ona bildirdim ki, Naxçıvanın ləzzətini görənlər Muxtar Respublikanın ağır günlərində qabağa durmadı. Hansı ki, onlar arasında raykom katibləri, Mərkəzi Komitə katibləri, akademiklər vardı. Bu adamlar yaxalarını kənara çəkdilər, ermənilər basqın edəndə Əli Nağıyev həyəcan təbili çalaraq camaatı bir yerə yığdı. Mən birinci dəfə Naxçıvana 1992-ci ilin iyin ayının 16-da gedəndə Heydər Əliyevlə görüşmüşəm. Onda Heydər Əliyevin qəbuluna gedəndə Vasif Talıbovun otağında 20 dəqiqə oturub gözləmişəm. Mən o zaman ilk dəfə Vasif Talıbovla tanış oldum və həmin 20 dəqiqə ərzindəki söhbətimizdə hiss etdim ki, onun Heydər Əliyevə münasibəti sadəcə qohum münasibəti deyil. Buna ata-oğul münasibəti desəm də düz olmaz. Bu münasibət mənə görə məhz təəssübkeşlikdən doğan münasibət idi. Yəni erməninin qabağında dayanıb Naxçıvanın təəssübünü çəkmək məsələsin gördüm. O təkcə orda Heydər Əliyevin köməkçisi, onun əsgəri kimi yox, bütün varlığıyla xidmət edirdi, bu zaman təkcə özünü deyil, həm də bütün ailəsini təhlükə qarşısında qoyurdu. O vaxt Naxçıvanda Xalq Cəbhəsinin nə əməllər törətdiyi hamıya bəllidir. Çevriliş cəhdləri də, Heydər Əliyev sui-qəsd cəhdləri də kimsəyə sirr deyil. Belə bir çətin dönəmdə Vasif Talıbovun o cür sədaqətlə xidmət etməsi sözsüz ki, alqışa layiqdir. Heydər Əliyev də ondan ötrü orda oturmuşdu ki, 300 min əhalini erməni təcavüzündən qorusun, Naxçıvanı məhv olmaqdan xilas etsin. Heydər Əliyev Bakıya gəldikdən qısa müddət sonra da Vasif Talıbov Naxçıvanda birinci şəxs oldu. O təpədən dırnağadək Heydər Əliyev xəttinə sədaqətlə onun işini davam etdirdi.
-Deməli, Heydər Əliyev Naxçıvanı əmin əllərə verib və seçimində yanılmayıb.
-Mən Heydər Əliyevlə görüşlərimdən söhbət etməyəcəm, bu ayrı mövzudur. Allah ona qəni-qəni rəhmət eləsin, o bir siyasət dahisi idi və bu günki Azərbaycanı bizlərə miras qoyub gedib. Biz indi Vasif Talıbovun xidmətlərindən danışırıq. Mənim babalarım Naxçıvanın sayılan kişilərindən olub. Mən köklü naxçıvanlıyam və naxçıvanlıları da əla tanıyıram. Heydər Əliyevin birinci hakimiyyəti dönəmində Naxçıvanda hədsiz çox sayda işlər görülmüşdü. Ancaq Naxçıvan heç vaxt indiki qədər gözəl, indiki kimi sakit və səliqəli olmamışdı. Baxmayaraq ki, bu gün də blokadadadır və bir dənə yolu İrandandır. Türkiyə ilə sərhəd çıx qısadır. Bir vaxtlar Naxçıvana dəmir yolu vardı. Dəmiryoluyla daşınan yüklər hara, maşınlarla daşınan yüklər hara? Bir də təyyarədir ki, o da dəmiryolla daşınmaların yanında heç müqayisəyə gəlməz. Amma bu gün blokadada olan Naxçıvandakı iri müəssisələri saymaqla qurtarmaz. Üstəlik, bu gün Naxçıvanda mövcud olan qayda-qanun diqqəti daha çox cəlb edir. Sözsüz ki, bu günki Naxçıvanın uğurları, inkişafı İlham Əliyevin siyasətindən doğur və onun xüsusi qayğısının nəticəsidir. Amma son vaxtlar Naxçıvandakı inkişaf prezidentin dəstəyindən güc alan Vasif Talıbovun adıyla bağlıdır. Təbii ki, Heydər Əliyev Naxçıvanı erməni təcavüzündən xilas edib qorudu, az sonra bütövlükdə Azərbaycanı məhv olmaqdan xilas etməyə çalışdı və bunu nail oldu. O vaxtlar çox ağır zamanlar idi. Naxçıvan blokadada zülm çəkirdi. Onda naxçıvanlılar soyuqdan donmamaq üçün asfaltı söküb yandırırdılar. Yaxud insanlar yatdıqları dəmir çarpayıya elektrik enerjisini birləşdirirdilər ki, ev isinsin. Heydər Əliyev belə ağır günlərdə Naxçıvanı qorumağı bacardı. Vasif Talıbovsa bu gün Muxtar Respublikada böyük inkişafa imza atıb. Bu gün Naxçıvanda insanların “işsizəm”x9d deməyə haqqı yoxdur. Naxçıvanda işləyə bilən adam üçün hər cür iş yeri var. Ən ucqar kəndlərinə asfalt yollar, qaz çəkilir, göz oxşayan məktəblər, xəstəxanalar, uşaq bağçaları istifadəyə verilir.
-Naxçıvan korrupsiyanın aşağı səviyyəsinə görə Avropaya nümunə ola biləcək durumdaymış...
-Bilirsiniz, diktatura ilə demokratiya arasındakı sərhəddi insanların xeyrinə dəyişməyin məqamını tutmaq lazımdır. Hansı sərhəddən o yana demokratiyanın özü də insanların baltası ola bilər, yaxud hansı sərhəddə qədər diktatura insanların firəvanlılğına xidmət edə bilər, bunu müəyyənləşdirmək lazımdır. Bunları edərkən kənardan şeypur çalanlara əhəmiyyət verilməməlidir, çünki onlar demokrat deyillər və nəyə görə dodaq büzdükləri də hamıya bəllidir. Bu yerdə ölməz Hüseyn Cavidin misralarını deməyə bilmirəm ki,
Söyləşərlər anlaşılmaz sözləri
Həp baxarlar, görməz ancaq gözləri...
-Naxçıvan əslli məmurların özlərinin və qohumlarının Naxçıvanda at oynatmasına imkan vermədiyinə görə həmin məmurların onun haqqında mənfi rəy yaratmaqla qisas aldıqları iddiaları da var.
-Mən nazir olanda həm də Heydər Əliyevdən sonra partiyanı idarə edən adam idim. O vaxt Naxçıvandan mənim yanıma çox adam gəlirdi, onların hamısına deyirdim ki, Naxçıvanın problemləri bu gün necə lazımdırsa orda həll olunur, ondan ötəri Bakıya gəlmək lazım deyil. Vasif Talıbov da bu söhbəti bilir. Bilirsiniz, yaxşıya gərək yaxşı deyəsən. Vasif Talıbovla dost deyiləm və onunla axırıncı dəfə nə vaxt görüşdüyümü də unutmuşam. Səhv etmirəmsə axırıncı dəfə prezident İlham Əliyev Naxçıvana gedəndə onun yanında nazir kimi getmişəm, ondan sonra bir dəfə də Vasif Talıbovun yanında olmuşam, onda da demişəm ki, bura tez-tez gələ bilmirəm, çünki mənim burda çoxlu qohum-qardaşım var, hər dəfə gələndə də məndən nəsə istəyirlər, mən də bilirəm ki, hər istəyənə hər şeyi vermək mümkün deyil. Ona görə də mən nə edə bilərəmsə onları mənə zəng elə de, etməyə hazıram. Yəni onu görmədyim 10 ildən artıqdır. Amma mənim vicdanım yerindədir və mən ağa qara deyə bilmərəm. Vasif Talıbov Heydər Əliyevin siyasətindən bir santimetr də qırağa çıxmayıb. Heydər Əliyevə də sadiq olan adam İlham Əliyevə sadiq olmaya bilməz. Ən azı bundan sonra daha iki seçki Azərbaycanın başında İlham Əliyev olmalıdır. Bunu dəfələrlə demişəm, bu gün də həmin fikirlərin altından xətt çəkirəm və onu əsaslandırılmış şəkildə sübut etməyə də hazıram.




































































































