“2020-ci ili çox lənətlədik, çünki vərdiş etmədiyimiz həyatla üzləşdik. Koronavirus bəlası bizi çox məyus etdi, amma 2020-ci il bizim hafizələrimizdə məhz xoş bir hadisə - böyük qələbə ilə yadda qalacaq. Ümumiyyətlə yaxşı hadisələr üstünlük təşkil edəndə pis olaylar tez unudulur. Uzun zaman keçəndən sonra da biz 2020-ci ili qələbə ili kimi xatırlayacağıq”.
Bu fikirləri Bizim.Media-ya açıqlamasında deyən teleaparıcı, 2020-ci ərzində media fəaliyyətini də dəyərləndirdi.
''Biz həmişə informasiya savaşında fəal olmadığımızı vurğuayırdıq və bu sarıdan hər zaman gileylənirdik. Amma son illər, ələlxüsus da müharibə dövründə aktiv olduq. Qarabağ həsrəti ilə o qədər yaşamışdıq ki, elə böyük dərd çəkirdik ki, artıq informasiya savaşına da müəyyən mənada hazır idik''.
''Hesab edirəm ki, istər telekanallar, istərsə də agentliklərin əməkdaşları informasiya savaşında çox fəal iştirak elədi, hər bir feyk xəbərə faktlarla münasibət bildirdilər. Qalib gəldiyimiz informasiya savaşının ən böyük qəhrəmanı isə bizim Ali Baş Komandan oldu''.
Prezidentin hər bir müsahibəsi hamıya ilham verirdi deyən Nərgiz Cəlilova ölkə başçısının dolaşıq suallar verməyə çalışan əcnəbi jurnalistləri cavabları ilə necə susdurduğundan da bəhs etdi.
“Əsas məsələ odur ki, biz boş-boşuna danışmadıq. Bu aylar ərzində bizə qarşı düşmən mövqeyində olan jurnalistlərin önünə dəlillərlə çıxdıq. Buna görə də bir vətəndaş kimi media mənsublarının işini qənaətbəxş hesab edirəm. Hətta sosial şəbəkələrdə belə xalq səfərbər olmuşdur. Bir dənə də olsun feyk xəbəri diqqətdən kənar qoymur, cavablandırırdılar”.
Azərbaycan mediasının 2021-ci il üçün gözləntilərindən söz açan Nərgiz Cəlilova bildirdi ki, artıq bizdə qələbə ruhu var və biz qürurluyuq.
“Uzun illər məğlubiyyət kompleksi ilə yaşamışıq. Bu gün isə əhval-ruhiyyəmiz dəyişib və nikbinlik var. Bu o deməkdir ki, yeni ilə başqa ovqatda davam edəcəyik. Qalib olmaq stimuluna görə hər bir insan təmsil olunduğu sahədə müvəffəq olmağa çalışacaq, həmçinin də media sahəsi”
Türkiyə ilə birgə mediaplatforma haqqında da düşüncələrini paylaşan Nərgiz Cəlilova Türkiyənin bir qardaş dövlət kimi hər zaman Azərbaycanın yanında olduğunu dilə gətirdi.
''Öyrənmək heç vaxt gec deyil. Türkiyə böyük ölkədir və imkanları da daha genişdir. Sağ olsunlar ki, bizə hər sahədə yardım əllərini uzadırlar. Onu da deyim ki, 44 günlük savaş ərzində türk həmkarlarımızdan böyük dəstək gördük. Onlar bizə dayaq oldular və Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında mühüm rol oynadılar''.
''Onlara nə qədər təşəkkür etsək, azdır. Türkiyə ilə qarşılıqlı əməkdaşlıq və birgə fəaliyyətdən ancaq fayda görə bilərik. Bu qardaşlığı da möhkəmləndirmək lazımdır. Çünki müharibə dövründə kimin dost, kimin düşmən olduğunu çox aydın gördük. Buna görə də bizi sevən ölkələrlə münasibətləri daha da möhkəmləndirməliyik''.
Həmin ölkələr arasında Türkiyə ilə yanaşı Pakistan, İsrail və Ukraynanın adını çəkən Nərgiz Cəlilova Rusiya mediasının ermənipərəst yayımlarından da bəhs edib.
“Onlar da cəbhədə baş verənləri hər gün özlərinə sərf edən formada işıqlandırırdılar. Azərbaycan isə, Rusiyada yayımlanan hər bir ermənipərəst proqrama media və sosial şəbəkə vasitəsilə dərhal münasibət bildirirdi. Söhbət ondan gedir ki, rus jurnalistlərin dostluq etdiyi ermənilər çoxdur''.
''Bundan başqa həmin telekanalların redaksiyalarında çalışan ermənilər də çoxluq təşkil edir. Fikir versəniz, Vladimir Solovyovun proqramına dəvət etdiyi ekspertlərin əksəriyyəti ermənidir. Onun hər verilişinə qatılan ermənilər əllərinə fürsət düşən kimi Azərbaycan, yaxud Türkiyənin ünvanına xoşagəlməz, həqiqətə uyğun olmayan məlumatlar verirər''.
Teleaparıcı Nərgiz Cəlilovanın sözlərinə görə, 44 günlük savaşdan sonra da Rusiya teleməkanına aid müxtəlif proqramlarda ermənipərəst siyasət təbliğ olunur.
Anar Rəhimov, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
21:00 / 01.01.2021
Nərgiz Cəlilova: “2020-ci ili çox lənətlədik, çünki...”
Hazırda oxunan: Nərgiz Cəlilova: “2020-ci ili çox lənətlədik, çünki...”
Hazırda oxunan: Nərgiz Cəlilova: “2020-ci ili çox lənətlədik, çünki...”
7109
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.