Məhkəmə-Hüquq Şurasının iclası keçirildi - 4 HAKİMƏ SƏRT CƏZA

Məhkəmə-Hüquq Şurasının iclası keçirildi - 4 HAKİMƏ SƏRT CƏZA

Hazırda oxunan: Məhkəmə-Hüquq Şurasının iclası keçirildi - 4 HAKİMƏ SƏRT CƏZA

70982

Bu gün Məhkəmə-Hüquq Şurasının növbəti iclası keçirilib.

Şuradan Bizim.Media-ya verilən məlumata görə, iclasda ölkə Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq ədalət mühakiməsinin səmərəliliyinin artırılması və məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi bağlı görülən tədbirlər müzakirə olunub.

İclasda məhkəmələrdə işlərə daha keyfiyyətlə baxılması, yubanmaların qarşısının alınması məqsədilə Fərmanla ayrılmış əlavə 200 yeni hakim ştatının komplektləşdirilməsi üzrə tədbirlərə də toxunulub.

Qeyd olunub ki, hakim vəzifələrinə yüksək hazırlığa və mənəvi keyfiyyətlərə malik hüquqşünasların seçilməsi məqsədilə mövcud prosedurlar təkmilləşdirilib və fasiləsiz xarakter alıb.

Hazırda hakimliyə namizədlərin sənədlərinin qəbulu elektron qaydada aparılır, test imtahanı fərdi kompüter vasitəsilə keçirilir, nəticələr dərhal elan olunur.

Ötən dövrdə şəffaf prosedurlarla aparılan seçim nəticəsində 44 nəfər müsabiqəni uğurla başa vurub müxtəlif hakim vəzifələrinə təyin olunublar. Yazılı və şifahi imtahanlarda müvəffəqiyyət qazanmış digər 87 namizəd müsabiqənin son mərhələlərindədir. Daha 250 namizədlə isə test və şifahi imtahanların keçirilməsi üzrə təşkilati tədbirlər görülür.
İclasda qeyd olunub ki, məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi üzrə görülən tədbirlərlə yanaşı, hakimlərin məsuliyyət hissinin artırılması xüsusilə diqqətdə saxlanılır.

Şuranın fəaliyyəti dövründə qanunvericiliyin tələblərinin pozulmasına, o cümlədən insanların haqlı narazılığını doğuran hallara görə hakimlər barədə 300-dən çox intizam icraatı başlanıb, ciddi nöqsanlara yol verən 200-dək hakim müxtəlif əsaslarla məhkəmə sistemindən kənarlaşdırılıb. Korrupsiya hüquqpozmaları ilə bağlı 43 hakim intizam məsuliyyətinə cəlb edilib, 9 nəfərin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilib, 13 nəfər tutduğu vəzifədən azad olunub.

Təkcə son üç ildə isə 70-dək intizam icraatı başlanıb, 60 hakim məhkəmə sistemindən kənarlaşdırılıb.

Hakimlərin fəaliyyətinin qiymətləndirilməsinin yeni Qaydalarına uyğun olaraq ötən il 220-dən çox hakimin fəaliyyəti Şura tərəfindən prinsipial qiymətləndirilib, aidiyyəti materiallar əsasında zəruri təhlillər aparılıb.

5 nəfərin fəaliyyəti qeyri-məqbul qiymətləndirilməklə səlahiyyətlərinə xitam verilib, 14 nəfərin fəaliyyətində peşəkar çatışmazlıqlar müəyyən olunaraq təkrar qiymətləndirilmələri qərara alınıb.

Məhkəmələrdə qeyri-prosessual münasibətlərin qarşısının alınması, onları doğuran səbəblərin aradan qaldırılması məqsədilə Şura tərəfindən yerlərdə davamlı monitorinqlər və vətəndaşların qəbulu aparılır. Bilavasitə yerli məhkəmələrdə apellyasiya məhkəmələrinin sədrləri tərəfindən vətəndaşların mütəmadi qəbulunun keçirilməsi təşkil olunub.
Eyni zamanda, Məhkəmə-Hüquq Şurasına, o cümlədən dövlət başçısının Fərmanına əsasən Şurada yaradılmış “Qaynar Xəttə” daxil olan müraciətlərin araşdırılması nəticələri üzrə vətəndaşların haqlı narazılığını doğuran pozuntulara yol verdiklərinə görə təkcə ötən il 130-dan çox hakim rəsmi xəbərdar edilib və bu, onların fəaliyyətlərinin qiymətləndirilməsində nəzərə alınıb, təkrar belə pozuntulara görə isə intizam icraatları başlanılıb.

Bununla yanaşı, yuxarı məhkəmələr təcrübəli və peşəkar hakimlərlə möhkəmləndirilib, o cümlədən ötən il bütün apellyasiya məhkəmələrinin sədrləri dəyişdirilib.

Görülən tədbirlər məhkəmələrdə baxılan işlərin keyfiyyətinə də təsirsiz ötməyib, təmin edilən iddiaların və yekun məhkəmə qərarların sabitliyi artıb.

İclasda fəaliyyətində bundan əvvəl peşəkar çatışmazlıqlar aşkar edilmiş hakimlərin fəaliyyəti təkrar qiymətləndirilərək 4 nəfərin işində dönüş yaratmadıqlarına görə səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi qərara alınıb.
Qanunvericiliyin tələblərinin pozulmasına görə apellyasiya məhkəmələrinin 4, Bakı ağır cinayətlər məhkəməsinin 3 hakimi intizam məsuliyyətinə cəlb olunub.

Həmçinin, korrupsiyaya şərait yaradan hüquqpozmalara, süründürməçiliyə və digər kobud qanun pozuntularına yol verilməsinə görə birinci və apellyasiya instansiyası məhkəmələrinin 12 hakimi barədə intizam icraatı başlanılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO