Ağsu şəhərində bir küçəni satıb, girişinə də darvaza qoyub tamamilə bağlayıblar. Mehdi Hüseyn küçəsi dalan 2 adlanan bu küçəni kim və necə özəlləşdirib?
Məsələ ilə Bizim.Media-ya şikyət edən həmin ünvanın sakini Ülvi Təhməzli deyir ki, xeyli müddətdir vəziyyətdən xilas olmaq üçün qapılarda qalıb:
“2002-ci ildə bu ünvanda yaşayırıq. Əvvəl bu yer yol olub. 2017-ci ildə kupçanı dəyişib həmin yolu Mehdi Hüseyn küçəsi dalan 2 adı ilə bizə veriblər. Faktiki bu yer Mehdi Hüseyn küçəsi ilə M.Ə.Rəsulzadə küçəsinin kəsişməsidir. Və bizim evin ünvanı da M.Hüseyn küçəsi 4, dalan 2 gedir”.
Şikayətçi bildirir ki, bu barədə həm İcra Hakimiyyətinə, həm də məhkəməyə müraciət edib. Amma dərdinə əlac edən kimsə tapılmır və ən təəcüblüsü də odur ki, bu işdə dövlət orqanı olan Əmlak məsələləri üzrə Dövlət Komitəsi şikayətçiyə hədə dili ilə danışır:
“İcra hakimiyyəti deyir satıla, ləğv edilə bilməz. Əmlak məsələləri üzrə Dövlət Komitəsi və 14 saylı Şamaxı Ərazi İdarəsi isə İcra Hakimiyyətinin sözünü inkar edir və baş plan bizim üçün əsas deyil deyirlər. Ağsu şəhərinin baş planında həmin yer küçə olaraq göstərilsə də, yeni çəkilən xəritədə küçəni itirmək istəyirlər. Məhkəmə isə Əmlak məsələləri üzrə Dövlət Komitəsinin verdiyi saxta sənədləri əsas gətirərək, işə xitam verib”.
Ülvi Təhməzlinin sözlərinə görə, Əmlak məsələləri üzrə Dövlət Komitəsinin 14 saylı Şamaxı Ərazi İdarəsində mənə özünü rəis kimi təqdim edən Ağabala Şaqamayev dedi ki, bu küçə satılıb və buraya iddia qaldırmaq düzgün deyil:
“Ağsu İcra Hakimiyyətində küçənin satılmasının mümkün olmamasını və baş plana zidd sayıldığını desələr də heç kim məsələyə əncam çəkə bilmir. İcra Hakimiyyətinin sənədləri heçə sayılırsa, deməli, burada hansısa maddi maraq durur. İcra Hakimiyyəti də deyir ki, baş planı 11 nazir və Baş nazir təsdiq edir. Bu 12 səlahiyyətli şəxsin razılığı olmadan baş plana düzəliş etmək mümkün deyil. Sadəcə küçənin adını dəyişə bilərik ki, bu barədə də bizim hər hası sərəncamımız olmayıb”.
Şikayətçi məsələ ilə bağlı Ağsu şəhər sakini İcra Hakimiyyətinin Memarlıq və İnşaat şöbəsinin müdiri, həmçinin baş memarı ilə görüşüb:
“Məhkəmə qətnaməsi və bütün sənədləri ona göstərdim və o söylədi ki, bu mütləq şəkildə şəhərin baş planını pozmaq sayılır. Məhkəmə İcra Hakimiyyətinin verdiyi məktubu əsas saymır. Maraqlı bir vəziyyətdir”.
Məsələ ilə bağlı İcra Hakimiyyətinin İnformasiya təminatı və təhlil sektorunun müdiri Ceyhun Hasılovla əlaqə saxladıq. Məsul şəxs bu barədə məlumatının olmadığını və tez bir zamanda müraciəti lazımi şəxsə yönəldirəcəyini bildirdi.
Problemi araşdırmaq üçün Ağsu bələdiyyəsi və Əmlak məsələləri üzrə Dövlət Komitəsinin 14 saylı Şamaxı Ərazi İdarəsi ilə əlaqə yaratmaq cəhdlərimiz isə boşa çıxdı.
Məsələ ilə bağlı araşdırmamız davam edir.
Mia Quliyeva, Bizim.Media