Rusiya və Ukrayna arasında davam edən müharibənin Azərbaycana təsirsiz ötüşmədiyi hər kəsə bəllidir. İlkin olaraq buğdadan başlayan bahalaşma hazırda Rusiyadan ölkəmizə idxal olunan kağızlara da təsirini göstərib. Çünki yerli bazarda “Sveto Copy” və “Snequroçka” adlı rus istehsalı olan A4 kağızları satılır.
Demək olar ki, təkcə Azərbaycana deyil həmçinin Türkiyəyə və digər ölkələrə sözügedən kağız məmulatları idxal olunur. Hazırda isə Rusiya zavodlarının müharibədən sonra A4 kağız istehsalını azaltması kağız çatışmazlığı və bahalaşmasına nəticə olub.
MÖVZU İLƏ BAĞLI:
Azərbaycanda KAĞIZ QITLIĞI - Çap sənayesində böhran və bahalaşma yaranıb
Bizim.Media xəbər verir ki, alıcıların dediyinə görə, son günlər ölkədə A4 kağızları az qala iki qat qiymətinə qədər bahalaşıb.
Belə ki, ötən ay 5 - 5,5 manat aralığında satılan A4 kağız qiymətləri bu gün 9 manata çatıb.
Nəşriyyat rəhbərlərinin sözlərinə görə isə bahalaşma çox sürətli şəkildə baş verib. Bundan öncə kağızların satış qiyməti 1.700 ABŞ dolları idisə, hazırda 2.100 ABŞ dollarına qədər çatıb.
Bazarda demək olar ki, istifadə olunan kağız ehtiyatı bitmək üzərədir. Buna görə də Avropadan kağız məmulatlarının gətirilməsi daha intensiv hal alacaq. Lakin qiymətlərin stabilləşməsi isə bu əsnada sual altındadır.
Bu halda ölkədəki nəşriyyat evlərinin, qəzet, çap məhsullarını gözləyəcək aqibət müəmmalıdır.
“Cümhuriyət” qəzetinin baş redaktoru Rəfail Becanovun sözlərinə görə, kağızlardakı qiymət artımı hələlik çap mediasına təsir göstərməyəcək:
“Kağızlardakı qiymət artımının müşahidə olunması çap mediası üçün hələ ki, problem yaratmayıb. Əgər kağızın bahalaşması ilə qəzet qiymətlərində artım olarsa nə bizə, nə də oxucuya sərfəli olacaq.
Ümumiyyətlə qəzetlər oxucular üçün əlçatan deyil, buna səbəb insanların online mediaya daha çox üstünlük verməsidir. Düşünürəm ki, ölkəyə gətirilən qəzet kağızlarındakı əlavə dəyər vergisi (ƏDV) ləğv olunmalıdır. Bu hökmən hökümətin gündəlik məsələlərində yer almalıdır. Rusiya-Ukrayna müharibəsinin nə zaman bitəcəyinin proqnozlaşdırılmaması işləri çətinləşdirə bilər. Bu halda qəzetlərin dayandırılması inanmıram ki, baş versin, lakin həftəlik buraxılış sayları, dövrülüyü azala, tiraj sayı isə 3-7 min deyil, 1-2 min civarına düşə bilər”.
Səkinə Yusibli, Bizim.Media