Dünən Qəbələdə qadının amansızlıqla qətlə yetirilməsi xəbəri gündəmin ən ağır xəbərlərindən biri oldu. Hadisənin faciəvi tərəfi isə bir qadının öz həmcinsi tərəfindən öldürülməsidir.
Beynəlxalq Qadınlar Gününə sayılı günlər qalarkən sözügedən qətlin baş verməsi də insanı ayrıca məyus edir.
“O qətli törətmək üçün gərək sadist olasan, ya da cinayətkar. Bir qadının bu tərzdə öz həmcinsini qətlə yetirməsinə inanmıram”.
MÖVZU İLƏ BAĞLI:
Zibil qutusunda gənc qadının doğranmış meyiti tapıldı - Qəbələdə
Bu sözləri Bizim.Media-ya "Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova hadisəyə münasibətini bildirərkən deyib.
O, baş verən hadisənin özünə hələ müəmmalı olduğunu qeyd edib:
“Qətllərin hamısı qeyri-insanidir. Amma sözün düzü mən düşünmürəm ki, bir qadın başqa bir qadını öldürüb, hissələrə bölüb zibilliyə ata bilər. Qəssab deyildi ki, o... İstintaqın gedişatını gözləyək, görək bu hadisə necə törədilib. Rəfiqəsinin sevgilisinin həyat yoldaşını öldürmək nə deməkdir? Bu cür qəddar qətli törətmək üçün motiv nə olub? Məni düşündürən suallar bunlardır. Ərinin sevgilisi qətlə yetirsəydi yenə beynimizdə suallar bu qədər yaranmazdı. Ehtimal ki, qətlə yetirilən şəxsin əri də qətl prosesində iştirak edib”.
Qeyd edək ki, martın 5-də Qəbələ rayonunda 23 yaşlı Aytac Əliyeva qətlə yetirilib. Nəticədə qətli törətməkdə şübhəli bilinən bir nəfər qadın saxlanılıb.
Əldə edilən məlumata görə, qətli törədən mərhumun ərinin sevgilisinin rəfiqəsi imiş. Faktla bağlı rayon prokurorluğunda cinayət işi başlanılıb, hazırda istintaq və əməliyyat - axtarış tədbirləri davam etdirilir.
Səkinə Yusibli, Bizim.Media