Güclü yağışlar nəticəsində yaranan subasmalarda ən böyük problemlərdən biri də avtomobillərin suda qalmasıdır. Maşın güclü yağışda “batarsa”, bu sadəcə müvəqqəti çətinlik deyil, ciddi texniki problemdir.
Göllənmiş ərazidən qısa müddətlik də olsa keçən maşının mühərriki su çəkə bilər. Bu, “hidrolok” deyilən vəziyyətdir: su silindrə girir və mühərriki xarab edir. Əyləc sistemi zəifləyir. Salon su ilə dolursa, elektrik naqilləri də islanır.
Çıxış yolu
Belə vəziyyətdə təcili olaraq mühərriki söndürmək lazımdır. Qətiyyən yenidən işə salmayın, bu, mühərriki tamamən məhv edə bilər. Ən yaxşısı evakuator çağırmaqdır. “Birtəhər keçərəm, heç nə olmaz” düşüncəsi böyük səhvdir. Bir çox mühərrik 30-40 sm suya belə tab gətirmir. Su qapıya qədər qalxacaqsa, təcili geri dönmək lazımdır.
SUV (Cip tipli maşınlar) hündür olduğu üçün su onlara gec təsir edir. Təxminən 70 sm suya qədər dözür, amma yenə risk etməyə dəyməz.
Ən yaxşısı “pickup” tipli maşınlardır. Onlar çətin şərait üçün hazırlanıb.
Yolları bərbad olan, tez-tez subasmaya məruz qalan şəhərkənarı qəsəbələrdə yaşayanlar sedan avtomobillərdən uzaq dursunlar. Elə hetçbek də belə şəraitdə uğurlu seçim deyil. Belə maşınlar üçün 20-30 sm su belə təhlükəlidir.
Son vaxtların ən çox seçilən maşınlarından olan elektromobillər də leysan subasmalarına dözümsüzdür. Onların mühərriki olmasa da, batareyası var, suya girəndə qısaqapanma ola bilər.
Şəfiqə Şəfa, Bizim.Media































































































