“Azərbaycan bu addımlarla sosial dövlət kimi mövqeyini daha da möhkəmləndirir”

“Azərbaycan bu addımlarla sosial dövlət kimi mövqeyini daha da möhkəmləndirir”

Hazırda oxunan: “Azərbaycan bu addımlarla sosial dövlət kimi mövqeyini daha da möhkəmləndirir”

602509

“Dövlət başçısı İlham Əliyevin Sərəncamı ilə təsdiqlənən “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də qeyd edildiyi kimi, uğurlu sosial-iqtisadi və siyasi nailiyyətlər Azərbaycanın qüdrətinin daha da artacağına əminlik yaradır. Bu imkanlar 2030-cu ilə qədər olan mərhələdə Azərbaycanın iqtisadi suverenliyinin möhkəmləndirilməsinə və müasir həyat standartlarına əsaslanan yüksək sosial rifah cəmiyyətinə malik qüdrətli dövlətə çevrilməsinə zəmanət verir.

Azərbaycan dövləti ölkə əhalisinin rifahının daha da artırılması üçün sosialyönümlü bazar iqtisadiyyatının inkişaf etdirilməsi yolunu seçib.

Sözügedən sənəddə yer alan beş prioritetdən biri dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyətdir. Əsas çağırışlardan biri budur ki, iqtisadiyyatın davamlı inkişafı gəlirlərin ədalətli bölgüsünü təmin etməli, əhalinin aşağıgəlirli təbəqəsinin sosial-iqtisadi rifahını artırmalıdır. Qeyri-formal məşğulluğun həcmi müəyyənləşdirilməli və qarşısının alınması üçün kompleks tədbirlər həyata keçirilməli, gəlirlərin leqallaşdırılması istiqamətində işlər görülməlidir.

Təbii ki, hər bir çağırış ölkənin dayanıqlı inkişafının təmin edilməsinə, Azərbaycanın sosial dövlət kimi qazandığı imicə yeni əlavələrin olunmasına xidmət edir. Bu mühüm məqamı da xüsusi qeyd etməliyik ki, hər dövrün çağırışlarının olması öz növbəsində idarəetmə sistemində təkmilləşməni, kadr hazırlığını və gənclərin dövlət idarəçiliyində irəli çəkilməsini bir zərurət kimi qarşıya qoyur.

Bu baxımdan Azərbaycanın islahatlar ölkəsi kimi nüfuz qazanması özündə mühüm məqamları ehtiva edir.

Xüsusi vurğulamaq gərəkdir ki, Azərbaycanda təkmil idarəetmə sisteminin mövcudluğu beynəlxalq səviyyədə təqdir edilir. Bu baxımdan Azərbaycan brendi kimi dünyaya səs salan “ASAN xidmət”, DOST layihələrinin uğurlu icrasını və bunun nəticəsində vətəndaş məmnunluğunun artırılmasını xüsusi qeyd etmək istərdik. Ölkəmizdə səfərdə olan bu və ya digər dövlətlərin rəsmilərinin keçirilən görüşlərdə, həmçinin imzalanan sənədlərdə

Azərbaycanın “ASAN xidmət” təcrübəsindən bəhrələnməyə xüsusi maraq göstərmələri bunu bir daha sübut edir. Dövlət idarəçilik sistemində yeniliklərdən bəhs edərkən ölkəmizdə vitse-prezidentlik institutunun yaradılmasını da xüsusi qeyd edə bilərik. Həmçinin hazırda azad edilmiş ərazilərimizdə müasir çağırışlara uyğun idarəetmə sisteminin yaradılması da Azərbaycan dövlətinin bu sahəyə göstərdiyi diqqətin bariz nümunəsidir.

Ümumiyyətlə, ölkəmizdə işin keyfiyyətinin artırılması, səmərəliliyin təmin edilməsi əsas prioritetlər sırasındadır.

Bu istiqamətdə atılan addımlar davamlılığı ilə diqqətdədir. Azərbaycanın dövrün çağırışlarına uyğun olaraq islahatlar prosesini uğurla davam etdirməsi beynəlxalq maliyyə qurumlarının hesabatlarında liderliyini qorumasını, ən islahatçı ölkə kimi mövqeyini möhkəmləndirməsini şərtləndirir”.

Bizim.Media xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

Milli Məclisin deputatı diqqətə çatdırıb ki, bu islahatların davamı kimi dövlət qulluqçularının əmək haqlarının da təkmilləşdirilməsini və daha rəqabətqabiliyyətli bir sistemin formalaşdırılmasını qeyd edə bilərik:

“Prezident İlham Əliyev tərəfindən imzalanan yeni qanunvericilik aktları dövlət idarəçiliyində aparılan institusional islahatları davam etdirməyə, dövlət qulluğunda əməkhaqqı sisteminin daha müasir, təkmil şəkildə qurularaq vahid struktur əsasında optimal, şəffaf və balanslı, sabit və effektiv modelə keçirilməsinə imkan yaradır.

Dövlət qulluqçularında əlavələrin ləğv edilməsi və bu əlavələrin onların vəzifə maaşlarının baza hissəsinə daxil edilməsi əməkhaqqının vahid strukturunun müəyyən edilməsinə, daha aydın, sabit, ədalətli olmasına imkan yaradır. Maliyyə intizamının gücləndirilməsi, şəffaflığın təmin edilməsi, hər bir məsələdə ictimai nəzarətin gücləndirilməsi dayanıqlı inkişafa hədəflənən addımlardandır. Mürəkkəb və qeyri-şəffaf əməkhaqqı sisteminin sadələşdirilməsi, kollektiv və fərdi mükafatların ləğv edilərək yeni vahid və nəticəyönümlü əməkhaqqı strukturunun müəyyən olunması beynəlxalq təcrübəyə uyğundur.

Azərbaycan hər zaman yeniliyə, təkmilləşməyə xüsusi önəm verir. Beynəlxalq təcrübələrin ölkəmizdə tətbiqi də bunun bariz nümunəsidir. Şəffaflığın təmin edilməsi, korrupsiyaya qarşı mübarizə tədbirlərinin gücləndirilməsi dövlətimizin həyata keçirdiyi siyasətin əsas istiqamətlərindəndir”.

Vüqar Rəhimzadə vurğulayıb ki, dövlət qulluğunda əməkhaqqı sisteminin yenilənməsi ilə bağlı mühüm dəyişikliklər bu gün ölkə mətbuatında geniş təhlil edilir:

“Azərbaycan atdığı bu kimi mühüm addımlarla sosial dövlət kimi mövqeyini daha da möhkəmləndirir. Son illərdə ölkəmizdə 5 sosial paketin icra olunması iqtisadi inkişafın təkmil sosial siyasətlə tamamlandığını təsdiqləyir. Sözügedən dəyişikliklər “Dövlət qulluğu haqqında” Qanunda öz əksini tapır.

Bu dəyişikliklər idarəetmədə etimadın möhkəmlənməsinə, əmək münasibətlərində ədalət prinsipinin təmin olunmasına, dövlət qulluqçularının fəaliyyətində nəticəyönümlü yanaşmanın güclənməsinə xidmət edir. Bu dəyişikliklər gənc kadrların dövlət xidmətinə cəlb edilməsinə stimul verəcək. Belə ki, dövlət qulluğuna yeni qəbul olunan şəxslərin maaşının əlavələrə görə aşağı olması gənc kadrların özəl sektora yönləndirirdi. Artıq dövlət qulluğu daha cəlbedici olacaq.

“Dövlət qulluğu haqqında” Qanunda əksini tapan dəyişikliklər yalnız sosial xarakter daşımır, eyni zamanda, dövlət idarəçiliyində səmərəliliyi və şəffaflığı artıracaq.

Qeyd etdiyimiz kimi, belə əməkhaqqı modeli dünya ölkələrinin təcrübəsində mövcuddur və müsbət nəticələrə yol açır. Azərbaycanın təcrübəsinə beynəlxalq aləmdə dəstək, eyni zamanda, bu və ya digər ölkələrdə təcrübədə təsdiqini tapan modelin ölkəmizdə tətbiqi müsbət addımdır. Təcrübə mübadiləsi daim inkişafa yol açan amillərdəndir”.

Milli Məclisin deputatı ümumiləşdirilmiş şəkildə qeyd edib ki, dövlət qulluğu sahəsində yeni əməkhaqqı modelinə keçid bu sahəyə peşəkar mütəxəssislərin, habelə gənc, istedadlı və peşəkar kadrların cəlb olunmasının stimullaşdırılmasına, eyni zamanda, dövlət qulluqçularının sosial müdafiəsinin gücləndirilməsinə yönəlib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO