Mətbəxdə yeni və maraqlı trend geniş yayılır. Bir çox ev xanımı soyuducunun rəfinə tualet kağızı yerləşdirərək bunun möcüzəvi təsirindən danışır. İlk baxışdan qəribə görünsə də, bu üsulun arxasında fiziki bir məntiq dayanır.
Bəs, hər evdə tapılan bu sadə vasitə soyuducuda necə bir dəyişiklik yaradır? Tualet kağızı qoxunu necə udur?
Bizim.Media xəbər verir ki, soyuducuya tualet kağızı qoymağın əsas səbəbi onun yüksək hopdurucu qabiliyyətidir. Balıq, kəskin qoxulu pendirlər və ya ağzı açıq unudulan yeməklər zamanla soyuducuda xoşagəlməz qoxu və artıq nəmlik yaradır. Nəmlik isə qoxuların daha sürətlə yayılmasına şərait yaradır.
Rəfin küncünə yerləşdirilən tualet kağızı rulonu mühitdəki artıq nəmi bir süngər kimi çəkir. Beləliklə, nəm azaldıqca qoxu molekullarının havaya yayılması da çətinləşir. Bu, daha çox qoxunu udmaq üçün müvəqqəti və praktik bir həll kimi qiymətləndirilir.
Məişət texnikası üzrə mütəxəssislər bu üsulun tamamilə təsirsiz olmadığını, lakin "möcüzə" sayılmadığını vurğulayır. Tualet kağızının məsaməli strukturu nəmi və qoxunu müəyyən müddətə özündə saxlaya bilir. Lakin bu, daimi bir həll yolu deyil.
Ekspertlər bildirir ki, daha yaxşı nəticə əldə etmək üçün bir neçə sadə qaydaya əməl etmək vacibdir. İlk növbədə soyuducunun mütəmadi təmizlənməsi tövsiyə olunur. Çünki xoşagəlməz qoxunun əsas mənbəyi çox vaxt içəridə qalan qida qalıqları və ya uzun müddət saxlanılan məhsullar olur.
Bununla yanaşı, kəskin qoxulu ərzaqları mütləq ağzı bağlı qab və ya paketlərdə saxlamaq lazımdır ki, qoxu digər məhsullara yayılmasın.
Əgər problem davam edərsə, aktivləşdirilmiş kömür və ya soyuducular üçün nəzərdə tutulmuş xüsusi qoxu udan vasitələrdən istifadə etmək daha uzunmüddətli və effektiv nəticə verə bilər.
Tualet kağızı üsulu daha çox qısamüddətli və təcili hallar üçün köməkçi vasitə kimi istifadə edilə bilər. (Demokrat.az)
Bizim.Media






























































































