Bu ay 11-ci siniflər üzrə buraxılış imtahanları iki mərhələdə keçiriləcək. Dövlət İmtahan Mərkəzinin (DİM) məlumatına görə, imtahanlar I zona üzrə 9 mart, II zona üzrə isə 15 mart tarixində təşkil olunacaq.
Buraxılış imtahanları ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün mühüm mərhələ hesab olunur. Çünki bu nəticə onların qəbul prosesində ilkin göstəricisi kimi çıxış edir. Bu baxımdan abituriyentləri ən çox maraqlandıran məsələlərdən biri də builki imtahanların çətinlik səviyyəsinin necə olacağıdır.
Bizim.Media mövzu ilə bağlı təhsil eksperti Ramin Nurəliyevin fikirlərini öyrənib.
Ekspertin proqnozuna görə, bu il keçiriləcək buraxılış imtahanlarının çətinlik səviyyəsi ötən illə müqayisədə dəyişməyəcək və eyni səviyyədə olacaq:
"Keçid ballarıyla bağlı nəsə demək isə hələki çətindir".
Ekspertin fikrincə, buraxılış imtahanları çətin keçirilməməlidir:
“Çünki hər formada şagird məktəbi bitirir, attestatını alır. Buraxılış imtahanından 2 alan şagird belə attestatını alacaq. Buna görə də buraxılış imtahanlarının sualları çətin salınmamalıdır. Çünki hazırda dünyanın bir çox ölkəsində ali təhsil müəssisələrinə qəbul prosesi asanlaşdırılır, onu bitirmək isə çətinləşdirilir" - deyə Ramin Nurəliyev vurğulayıb.
Nəzrin Mirzəyeva, Bizim.Media



































































































