Bakının Xətai rayonu, Məhəmməd Hadi və Sarayevo küçələrinin kəsişməsində çəkilən geriyə dönmə nişanlanma xətti sürücülər üçün "cərimə tələsinə" çevrilib.
Bizim.Media xəbər verir ki, sözügedən ərazidəki geridönmə zolağı standartlara cavab vermədiyi üçün sürücülər manevr edərkən çətinliklə üzləşirlər. Problemin əsas səbəbi yolun eninin və çəkilən xətlərin standart minik avtomobilinin bir dəfəyə dönməsi üçün kifayət etməməsidir.
Sürücülər bildirirlər ki, qaydanı pozmadan dönmək mümkün deyil. Manevri tamamlamaq üçün edilən hər bir cəhd isə həm tıxaca, həm də qəza riskinə yol açır. Ərazidə quraşdırılan kameralar isə bu məcburi xətt tapdanmasını qayda pozuntusu kimi qeydə alaraq sürücülərə cərimə yazır.
Yol hərəkəti üzrə ekspert Yasin Mustafayev məsələni şərh edərək bildirib ki, şəhərsalma və yol mühəndisliyi qaydalarına görə, bu növ dönmə yerlərində sərbəst manevr üçün xüsusi məsafə (radius) buraxılmalıdır. Əks halda, nişanlanma xətti hərəkətin təşkilinə deyil, süni gərginliyə xidmət edir. (Modern.az)
Bizim.Media































































































