Novruzun ilk NƏFƏSİ – Bugünkü çərşənbə niyə “yalançı”dır?

Novruzun ilk NƏFƏSİ – Bugünkü çərşənbə niyə “yalançı”dır?

Hazırda oxunan: Novruzun ilk NƏFƏSİ – Bugünkü çərşənbə niyə “yalançı”dır?

596731

Qarşıdan xalqımızın qədim bayramı olan Novruz, ondan öncə isə bayramın gəlişindən xəbər verən 4 çərşənbə gəlir. Ancaq bəzi bölgələrimizdə  4 çərşənbədən əvvəl "yalançı" və yaxud "xəbərçi çərşənbə" qeyd olunur.

Belə ki, bu çərşənbə ilk olan su çərşənbəsindən öncə qeyd olunur. Yəni, növbəti həftə su çərşənbəsi olduğuna görə, bu gün yalançı çərşənbədir. Bu çərşənbə çox qeyd edilməsə də, hələ də tonqal yandıranlar, xonça hazırlayanlar, şam yandıranlar var.

Ona həm də xəbərçi deyilməsinin səbəbi onun çərşənbələrin, qarşıdan gələn bayramın gəlişindən xəbər verməsi, insanları ruhən bayrama hazırlamasıdır.

"Xəbərçi"ni başa düşdük, bəs, "yalançı"adı nə mənaya gəlir?

Bizim.Media mövzuyla bağlı folklorşünas alim Muxtar İmanovun fikirlərini öyrənib.

O deyir ki, bu ad insanların mifoloji fikirlərindən asılıdır:

"İnsan adını, libasını dəyişməklə, yalançı mərasimlər keçirməklə bədxah, şər qüvvələrdən qorunmağa, onları aldatmağa çalışıb.  Yəni qədimdə insanlar da yalançı çərşənbəni keçirməklə qarşıdan gələn əsl 4 çərşənbəni bədxah qüvvələrdən qorumaq istəyiblər. Bu, başqa mərasimlərdə də özünü göstərib, məsələn yalançı padşah mərasimi olub".

Muxtar İmanov belə bir maraqlı fikir səsləndirib ki, xalq yalançı çərşənbəni keçirərək qarşıdan gələn bayramı, köhnə ildən yeni ilə keçmək anlayışını bəd qüvvələrdən qorumaq istəyir:

"Xalq öz mifoloji təsəvvürlərinə görə əmin-amanlığa qovuşmaq, ruzi bərəkətin artması üçün bu mərasimi keçirir. Burada məqsəd yeni ili şər qüvvələrdən qorumaqdır" - deyə Muxtar İmanov bildirib.

Sözsüz ki, xalqımızın bir çox adəti əslində mifoloji düşüncələrə, xalqın qədim inanclarına söykənir. Bu gün bəzi bölgələrimizdə qeyd olunan, bəzilərində isə unudulan yalançı çərşənbə də onlardan biridir.

Nəzrin Mirzəyeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO