Bakı Slavyan Universiteti (BSU) 2 fevral – Azərbaycan Gəncləri Gününə həsr olunan universitetin tələbələri üçün “Əmək bazarına rəqabətqabiliyyətli daxil olma yolları” mövzusunda komanda toplantısı keçirib.
Bizim.Media xəbər verir ki, tədbirdə BSU-nun rektoru Anar Nağıyev, fakültə dekanları, eləcə də yüksək akademik göstəriciləri ilə fərqlənən tələbələr iştirak ediblər.
Tədbirin məqsədi tələbələrin şəxsi və peşəkar inkişafına dəstək göstərmək, onların əmək bazarına hazırlıq səviyyəsini artırmaq, müasir çağırışlar fonunda rəqabətədavamlı bacarıqların formalaşdırılmasına töhfə vermək olub.
Tədbirdə çıxış edən BSU-nun rektoru Anar Nağıyev tələbələri Azərbaycan Gəncləri Günü və əldə etdikləri yüksək akademik nəticələr münasibətilə təbrik edib.
Rektor çıxışında BSU-da təhsilin keyfiyyətinin artırılmasının, tələbələrin akademik nailiyyətlərinin stimullaşdırılmasının və onların əmək bazarına uğurlu inteqrasiyasının universitetin əsas prioritetlərindən biri olduğunu vurğulayıb. A. Nağıyev qeyd edib ki, müasir dövrdə yalnız nəzəri biliklər deyil, eyni zamanda analitik düşüncə, komanda işi, xarici dil bilikləri, effektiv kommunikasiya və rəqəmsal bacarıqlar gənclərin peşəkar uğurunda həlledici rol oynayır.
İnterraktiv formatda, fərdi və qrup müzakirələri əsasında təşkil edilən təlim zamanı “SEFT Consulting” şirkətinin direktoru İlkin Nəzərov tərəfindən əmək bazarının xüsusiyyətləri və mövcud tələbləri barədə ətraflı məlumat verilib, əmək bazarına daxil olmaq üçün zəruri olan yumşaq bacarıqlar iştirakçılara təqdim olunub.
Təlim zamanı özünüqiymətləndirmə, karyera planlaşdırılması, CV hazırlanması, iş axtarışı strategiyaları, motivasiya məktubunun yazılması və müsahibəyə hazırlıq texnikaları ilə bağlı praktik biliklər paylaşılıb.
Toplantı çərçivəsində iştirakçıların analitik düşünmə və komanda işi bacarıqlarının inkişaf etdirilməsi məqsədilə bütün tələbələrin iştirakı ilə “Fibonacci” intellektual oyunu keçirilib.









Bizim.Media
































































































