Yanvarda ən çox qar bu əraziyə YAĞIB

Yanvarda ən çox qar bu əraziyə YAĞIB

Hazırda oxunan: Yanvarda ən çox qar bu əraziyə YAĞIB

593973

2026-cı ilin yanvar ayında ölkə ərazisində havanın temperaturu iqlim norması ilə müqayisədə 19 gün normadan yuxarı (0.9–8.8 dərəcə), 10 gün normadan aşağı (0.7–1.9 dərəcə), 2 gün isə norma daxilində olub. Orta aylıq temperatur 6.2 dərəcə isti olub ki, bu da iqlim normasından 1.8 dərəcə yuxarıdır.

Bizim.Media xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov bildirib.

Onun sözlərinə görə, yanvar ayında normadan maksimal fərq yanvarın 12-də qeydə alınıb.

Həmin gün havanın maksimal temperaturu Abşeron yarımadasında (Sumqayıt) 21 dərəcə isti , bölgələrdə isə (Astara) 23 dərəcəyədək isti olub. Havanın minimal temperaturu Bakı və Abşeron yarımadasında yanvarın 22-də 1.5 dərəcə şaxta (Bakı, Maştağa), yüksək dağlıq ərazilərdə isə yanvarın 16-da 22 dərəcəyədək şaxta (Şahdağ) qeydə alınıb.
 

“Yanvar ayının bəzi günlərində fasilələrlə yağıntılı hava şəraiti müşahidə olunub, ayrı-ayrı yerlərdə sulu qar və qar yağıb, bəzi ərazilərdə isə yağıntılar leysan xarakterli intensiv və güclü olub.


Ümumilikdə bölgələr üzrə 25 gün yağıntılı hava şəraiti qeydə alınıb. Ən çox yağıntı aylıq normanın 271 faizi olmaqla Lənkəran–Astara zonasına (128.2–206.4 mm) və aylıq normanın 205 faizi olmaqla Bakı və Abşeron yarımadasına (Binə – 48.1 mm) düşüb. Yağan qar nəticəsində qar örtüyünün maksimal hündürlüyü Lerikdə 116 sm təşkil edib”, – N.Mahmudov qeyd edib.

O, həmçinin bildirib ki, yanvar ayının bəzi günlərində küləkli hava şəraiti ilə bağlı rəng şkalasına uyğun olaraq 10 xəbərdarlıq (sarı və narıncı) verilib. Bakı və Abşeron yarımadasında 17 gün, bölgələrdə isə 20 gün küləkli hava şəraiti müşahidə olunub, küləyin maksimal sürəti Bakı və Abşeron yarımadasında 28 m/s, bölgələrdə isə 26 m/s-dək güclənib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO