Abşeron yarımadasında 500 mindən artıq sənədsiz evlər var. Bu evlərin sənədləşdirilməsi və dövlət reyestrinə salınması istiqamətində son zamanlar müəyyən addımlar atılsa da, problem hələ də qalmaqdadır.
Mütəxəssislərin hesablamalarına görə bu sahədə hazırda 50 milyard “ölü” kapital yatır. Bu kapital hərəkətə gətirilsə, dövlət və yerli özünüidarəetmə orqanları böyük ölçüdə vergi toplaya bilər.
Bundan həm bank sektoruna, həm də sığorta bazarına çox böyük imkanlar yaranar.
Mövzu ilə bağlı Bizim.Media-ya danışan Azərbaycan Sığortaçılar Assosiasiyasının ekspert qrupunun üzvü Emil Ağabağırov deyib ki, 500 min evin sənədsiz olmasının ciddi yan təsirləri var:
“Hesab edin ki, 500 min ev 30 manatdan sığorta edilsə, o zaman sığorta bazarına hər il 15 milyon manat əlavə vəsait daxil olar. Bu da kifayət qədər böyük rəqəmdir. Bir məsələ də var ki, sənədsiz evlərin 500 mindən çox olduğu da deyilir.
Üstəlik, sənədsiz evlər əsasən Abşeron yarımadasında, dolayısı ilə Bakının qəsəbələrindədir. Məsələn Hövsan, Türkan, Binə və digər qəsəbələrsə Bakı şəhərinin ərazisi hesab edilir. Bakı şəhəri üzrə illik icbari sığorta haqqı 50 manatdır. Bu da o deməkdir ki, sığorta bazarı sənədsiz evlər ucbatından ən azı 20-25 milyon manat vəsait itirir. Ona görə də bu məsələni müvafiq qurumlar diqqətə almalıdır”.
Surxay Atakişiyev, Bizim.Media






























































































