“Atam şərəfli bir ömür yaşayıb. Tərtərdə, Şuşada, Qarabağın digər bir çox ərazilərində döyüşüb”.
Bizim.Media xəbər verir ki, bunu Oxu.az-a açıqlamasında Milli Qəhrəman Şahin Tağıyevin qızı Nigar Tağıyeva deyib.
Onun sözlərinə görə, atası 2002-ci ildən İsveçdə yaşayırdı və işləmirdi:
“Xəstə idi, iki ildir müalicə alırdı. Dekabrın 29-da atamı itirdim.
Bir məsələyə aydınlıq gətirmək istəyirəm. Atamın qocalar evinə yerləşdirilməsi ilə bağlı Azərbaycanda yayılan xəbərlər bizi çox məyus etdi. Bu, qətiyyən doğru deyil.
Ora qocalar evi yox, reabilitasiya mərkəzi idi. Onun üçün xüsusi otaq ayrılmışdı və lazım olan bütün mebeli mən almışdım. Rahatlığı üçün hər şey etmişdik. Atam iki il əvvəl həm insult, həm də infarkt keçirmişdi. Bu vəziyyətdə onun evdə qalması mümkün deyildi. Vaxtında dərmanlarını atmalı, insulin iynəsi vurulmalı idi. Atamı həmin mərkəzə yerləşdirməyimizin əsas səbəbi onun daim həkim nəzarətində saxlanılması ilə bağlı olub. Bu tip əsassız xəbərlər bizi çox incitdi”.
Nigar Tağıyeva həmçinin qeyd edib ki, atasının cənazəsi ötən gecə vətənə gətirilib.
Qeyd edək ki, O bu gün Hərbi Memorial Məzarlıqda (keçmiş II Şəhidlər Xiyabanı) dəfn olunacaq.
Xatırladaq ki, Ş.Tağıyev 23 iyun 1992-ci il tarixli fərman ilə Milli Qəhrəman adına layiq görülüb. O, Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülən ilk 4 nəfərdən biridir.
Bizim.Media



































































































