Rostic’s şəbəkəsinə sahib olan “Unirest” şirkəti Rusiyada fəaliyyət göstərən bütün KFC fastfud restoranlarının adının dəyişdirilməsi prosesini başa çatdırıb.
Bizim.Media xəbər verir ki, bu barədə şirkətin mətbuat xidməti RBK-ya məlumat verib.
2GIS servisinin nümayəndəsi də əvvəlki adla fəaliyyət göstərən heç bir restoranın qalmadığını təsdiqləyib.
KFC brendinə sahib olan ABŞ-ın Yum! Brands şirkəti 2022-ci ilin martında Rusiyada KFC və Pizza Hut adı altında fəaliyyət göstərən restoranların işini dayandırmışdı. 2023-cü ilin aprelində isə KFC biznesi Konstantin Kotov və Andrey Oskolkova məxsus “Smart Servis Ltd” şirkəti tərəfindən satın alınıb. Onlar bundan əvvəl françayzinq əsasında dörd regionda təxminən 40 restoranı idarə edirdilər.
Hazırda Rostic’s şəbəkəsinə Rusiyanın 74 regionunda yerləşən 1303 restoran daxildir. Onlardan 67-si “Unirest” şirkətinə məxsusdur, qalanları isə françayzinq əsasında fəaliyyət göstərir.
Bizim.Media




































































































