Yeni binalarda yaşayanların NƏZƏRİNƏ – İnternetlə bağlı MÜHÜM YENİLİK

Yeni binalarda yaşayanların NƏZƏRİNƏ – İnternetlə bağlı MÜHÜM YENİLİK

Hazırda oxunan: Yeni binalarda yaşayanların NƏZƏRİNƏ – İnternetlə bağlı MÜHÜM YENİLİK

584845

Mənzil Tikinti Koperativləri-MTK hər vasitə ilə özlərinə yeni gəlir yeri yaratmağa çalışırlar.

Bunun üçün hətta xidmət təşkilatları ilə korporativ danışıqlara gedirlər. MTK-ların belə maraq sahələrindən biri də binada abonentlərin seçim imkanlarını məhdudlaşdırmaqdır. Məsələn əksər MTK-lar binada yalnız bir internet provayderinin fəaliyyətinə imkan yaradırlar. Nəticədə həm xidmətin keyfiyyəti aşağı düşür, həm də rəqabət mühiti pozulur.
 

Maraqlıdır ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (RİNN) tabeliyində İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi sakinlərin haqlı narazılığını nəzərə alıb məsələni müzakirəyə çıxarıb.


Belə ki, İKTA MTK-larda internet xidmətləri göstərən telekommunikasiya operatoru və provayderləri ilə növbəti görüş keçirib.

Görüşdə xüsusilə vurğulanıb ki, çoxmənzilli binalarda ən azı 3 fərqli provayderin xidmət göstərməsi abonentlərin seçim hüququnun təmin edilməsi və rəqabətin formalaşması baxımından zəruri hesab olunur. Bildirilib ki, Agentlik tərəfindən aparılan araşdırmalar nəticəsində əgər hər hansı binada artıq 3 provayder fəaliyyət göstərirsə, həmin ünvanda minimal rəqabət mühitinin mövcud olduğu qənaətinə gəlinir.

İştirakçılara MTK-lara göstərilən xidmətlərlə bağlı statistik məlumatlar təqdim olunub.

Qeyd edilib ki, daxil olmuş müraciətlər əsasında 50-yə yaxın MTK-da alternativ internet telekommunikasiya xidmətlərinin göstərilməsi təmin edilib, daha bir neçə binada isə kabelləşmə işləri icra mərhələsindədir. Bu göstəricilər rəqəmsal infrastruktura çıxışın genişləndirilməsi istiqamətində işlərin davamlı xarakter daşıdığını göstərir.

“Bu metodla qeyri-rəsmi gəlir əldə etməyə çalışırlar”

Mövzu ilə bağlı Bizim.Media-ya danışan Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyasının sədri Elvin Abbasov deyib ki, MTK-ların ikinci və üçüncü internet provayderlərinin binada iştirakına maneə törətməsinin əsas səbəbi, adətən, maliyyə maraqları və inzibati nəzarəti əldən verməmək istəyidir:
 

“Belə MTK-lar çox vaxt binaya ilk daxil olan provayderlə qeyri-rəsmi sövdələşmə və ya əməkdaşlıq çərçivəsində fəaliyyət göstərirlər. Bu münasibət ilk provayderə inhisarçı mövqe verir və MTK rəhbərliyini provayderdən "kirayə haqqı" və ya "xidmətə görə ödəniş" adı altında qeyri-rəsmi gəlir əldə etməyə təşviq edir.


Yeni provayderin gəlməsi bu qeyri-rəsmi inhisarçılığı pozur və rəhbərliyin əlavə gəlirlərinin azalmasına səbəb olur. Nəticədə, İKTA-nın vurğuladığı kimi, MTK-lar razılıq əldə edildikdən sonra belə, əsassız maneələr (kabelləşmə üçün icazə verməmək, giriş haqqını hədsiz artırmaq) törətməklə və ya süni çətinliklər yaratmaqla inhisarçılığı qorumağa çalışırlar”.

Müsahibimiz qeyd edib ki, bu vəziyyət abonentlərin seçim hüququnun pozulmasına və keyfiyyətsiz xidmətlərlə barışmağa məcbur edilmələrinə gətirib çıxarır:

“İKTA-nın ən azı 3 fərqli provayderin xidmət göstərməsini minimal rəqabət mühitinin göstəricisi hesab etməsi məhz bu problemin həllinə yönəlib.
 

Lakin MTK-ların rəhbərliyi bəzən qanunsuz praktikalar tətbiq edir; məsələn, xidmət haqlarının gecikməsi zamanı elektrik enerjisinin kəsilməsi və ya ödəniş məbləğinin əsassız şəkildə artırılması kimi inzibati təzyiq vasitələrindən istifadə etməklə provayderlərə və abonentlərə təsir göstərir.


Bu halların aradan qaldırılması üçün MTK-larda telekommunikasiya fəaliyyətinin tənzimlənməsi və MTK-ların məsuliyyətinin qanunvericiliklə dəqiq müəyyən olunması zəruridir”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO