İcbari Tibbi Sığorta (İTS) paketində hansı xidmətlərin sığorta tərəfindən qarşılandığı, hansılarının isə vətəndaşın öz vəsaiti hesabına həyata keçirildiyi barədə müzakirələr ən aktual məsələlərdəndir.
Rəsmi olaraq İTS Xidmətlər Zərfinə təcili yardım, ilkin tibbi-sanitariya yardımı, ambulator və stasionar müalicə, laboratoriya, diaqnostika, bəzi cərrahi əməliyyatlar və s. kimi xidmətlər daxildir. Mütəmadi olaraq bu zərfə daxil olan xidmətlər artırılır. Belə ki, uşaq və yeniyetmələrdə onkoloji xəstəliklərin müalicəsi üçün 2027-ci ildən başlayaraq Xidmətlər Zərfinə daxil edilməsi məqsədilə layihə hazırlanır.
Zərfə daxil olmayan, amma vətəndaşların çox ehtiyac duyduğu xidmətlərdən biri də stomatoloji xidmətlərdir.
Bu sahədə xidmət haqqının günü-gündən artdığı, xüsusilə implant qiymətlərinin çoxları üçün əlçatmaz olduğunu nəzərə alsaq növbəti illərdə İTS vasitəsilə qarşılanacağına ümid etmək olardı.
Lakin İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən Bizim.Media-ya verilən məlumata görə, Azərbaycanda İTS daha çox ağır xəstəliklər və əməliyyatlara yönəldilib, stomatologiya isə hələ prioritet deyil.
“Diş müalicəsi və implantlar Xidmətlər Zərfinə daxil deyil. Növbəti ildən Xidmətlər Zərfinə ürək-damar, neyrocərrahiyyə, ümumi cərrahiyyə, uroloji, oftalmoloji, travmatoloji və laboratoriya istiqamətləri üzrə yeni tibbi xidmətlərin daxil edilməsi nəzərdə tutulur.
Bura kəsiksiz damar əməliyyatları, travmatoloji müdaxilələr, qarın boşluğu əməliyyatları, baş-beyin cərrahiyyəsi, eləcə də gözlə bağlı mürəkkəb əməliyyatlar kimi kompleks prosedurlar daxildir.
Dəyişikliklərin məqsədi vətəndaşların daha çox xidmətə əlçatanlığını təmin etmək və ixtisaslaşmış müdaxilələri mümkün qədər Xidmətlər Zərfi çərçivəsində təqdim etməkdir. Habelə gələn ildən ambulator şəraitdə resept əsasında yazılan ürək-damar sistemi xəstəlikləri üzrə dərman vasitələrinin icbari tibbi sığorta hesabına qarşılanması planlaşdırılır”, - deyə Agentlikdən bildirilir.
Qurumdan o da diqqətə çatdırıldı ki, yalnız istisna hallarda, məsələn qəza zamanı diş-çənə nahiyəsində təcili müdaxilə lazım olduqda icbari siğorta çərçivəsində əməliyyat oluna bilər.
Müqayisə üçün deyək ki, Türkiyədə icbari tibbi sığorta paketinə ildə 4 ədədə qədər implant dişin daxil edilməsi barədə qərar qəbul edilib. Bu addım diş sağlamlığının artıq “estetik seçim” deyil, ümumi sağlamlığın tərkib hissəsi kimi qəbul edilməsi üçün atılıb.
Şəfiqə Şəfa, Bizim.Media




























































































