Paytaxtın mənzilbaşına gecikən, dayanacaqlarda “izdiham” yaradan marşrutlarına biri də əlavə olundu. 211 nömrəli marşrutdan istifadə edən sərnişinlər son vaxtlar avtobusun fəaliyyətindən narazılıq edirlər.
Şəhərdə yeni avtobus zolaqları çəkilməsi və xidmətin yaxşılaşdırılması üçün görülən işlər bu xətt üzrə işləyən marşrutun gecikmə problemini həll edə bilməyib.
Xüsusən də səhərlər işə tələsən sərnişinlər avtobusların gec gəlməsi səbəbindən vaxt itirir, gecikməli olurlar. Dayanacaqlarda isə yaranan sıxlıqdan minib-düşmədə əziyyət çəkirlər.
Problemlə bağlı daxil olan şikayətləri nəzərə alaraq “BakuBus” MMC-yə mövcud vəziyyətə dair sorğu ünvanladıq.
Qurumdan Bizim.Media-ya verilən məlumata görə, “BakuBus” MMC-nin istismarında olan 211 nömrəli müntəzəm marşrut xətti marşrut pasportuna əsasən 15-16 dəqiqəlik intervalla fəaliyyət göstərir və xətt üzrə ümumilikdə 14 avtobus hərəkət edir.
“Səhər və axşam pik saatlarında marşrutun hərəkət etdiyi Ziya Bünyadov, Moskva prospekti (20 Yanvar dairəsi), Fətəli Xan Xoyski, Rövşən Cəfərov küçəsi istiqamətində, eləcə də əks istiqamətdə Abşeron Ticarət Mərkəzi, Bakı dairəvi yolu, Həsən bəy Zərdabi küçəsi, Rövşən Cəfərov küçəsi, Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti, Fətəli Xan Xoyski küçəsi xətti boyunca müşahidə edilən nəqliyyat sıxlığı səbəbindən avtobuslararası intervallarda artım qeydə alınır”.
“BakuBus” pik saatlarda yaranan intervallarla bağlı sərnişinlərdən anlayışlı olmalarını xahiş edir.
Şəfiqə Şəfa, Bizim.Media

























































































