Cənubi Qafqazın yeni MƏRKƏZİ – Qarabağda beş ildə görülən işlər və gələcək HƏDƏFLƏR

Cənubi Qafqazın yeni MƏRKƏZİ – Qarabağda beş ildə görülən işlər və gələcək HƏDƏFLƏR

Hazırda oxunan: Cənubi Qafqazın yeni MƏRKƏZİ – Qarabağda beş ildə görülən işlər və gələcək HƏDƏFLƏR

584813

Azərbaycanın 30 illik işğaldan sonra Qarabağ və Şərqi Zəngəzurda həyata keçirdiyi nəhəng bərpa proqramı təkcə ərazilərin dirçəldilməsi deyil, həm də regionun iqtisadi-sosial həyatının yeni model üzrə qurulması deməkdir. Bu model Qarabağı bütövlükdə Cənubi Qafqazın ən dinamik inkişaf mərkəzlərindən birinə çevirməyi hədəfləyir.

Bu modelin müəllifi isə qələbəmizin memarı olan Prezident İlham Əliyevdir. Məhz onun rəhbərliyi altında Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən bərpa və yenidənqurma prosesi ölkənin müasir inkişaf strategiyasının əsas sütunlarından birinə çevrilib.



Dövlət başçısı işğaldan azad olunmuş ərazilərin bərpasını daim xüsusi diqqət mərkəzində saxlayır. Dövlət başçısı işğaldan azad olunmuş bölgələrdə ümumilikdə 569 tədbirdə iştirak edib, 177 layihənin təməlini qoyub və 167 obyektin açılışını edib. Orta hesabla hər il təxminən 114 tədbir, 35 layihənin təməli və 33 infrastruktur obyektinin açılışı həyata keçirilir.

Əlaqələndirmə Qərargahı və “Böyük Qayıdış”

2020-ci il 24 noyabr tarixində - Vətən müharibəsinin başa çatmasından cəmi 2 həftə sonra Prezident İlham Əliyev işğaldan azad edilmiş ərazilərdə idarəetmənin mərkəzləşdirilmiş, çevik və koordinasiyalı şəkildə həyata keçirilməsi üçün Əlaqələndirmə Qərargahının yaradılması ilə bağlı Sərəncam imzaladı.

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri Samir Nuriyevin rəhbərlik etdiyi bu qurum ötən beş il ərzində bərpa prosesinin bütün mərhələlərini vahid platformada birləşdirərək həm idarəetmə modelinin dayanıqlığını təmin etdi, həm də bölgədə paralel aparılan genişmiqyaslı layihələrin sinxronlaşdırılmasına şərait yaratdı.



Qərargahın qarşısında duran əsas vəzifələr – iqtisadi dirçəlişin təmin olunması, yeni infrastrukturun qurulması, Qarabağ və Şərqi Zəngəzurun ölkə iqtisadiyyatına reinteqrasiyası – son beş ilin nəticələri fonunda sistemli şəkildə reallaşıb. Bu gün bölgədə müşahidə olunan sürətli iqtisadi canlanma məhz mərkəzləşdirilmiş idarəetmə mexanizminin səmərəliliyinin göstəricisidir.

2022-ci il 16 noyabr tarixində təsdiqlənən “Böyük Qayıdışa dair I Dövlət Proqramı” isə artıq bu prosesə strateji məzmun və uzunmüddətli inkişaf vizyonu gətirdi. Proqram yalnız bərpa deyil, həm də yeni iqtisadi modelin qurulmasını hədəfləyərək azad edilmiş ərazilərdə müasir sənaye zonalarının, nəqliyyat-logistika qovşaqlarının və yaşıl enerji infrastrukturunun yaradılmasını vahid yol xəritəsinə çevirdi.

Bütün bu proseslərin fonunda minatəmizləmə, bərpa və yenidənqurma işlərinin intensivliyi xüsusi vurğulanmalıdır. Bu gün artıq 62 mindən çox insan azad edilmiş ərazilərdə yaşayır, çalışır və təhsil alır. Bu göstərici təkcə fiziki qayıdışın deyil, iqtisadi və sosial həyatın sürətlə normallaşmasının faktiki təsdiqidir.

Qarabağın yeni sənaye xəritəsi: Ağdam və Cəbrayıl nümunələri

Qarabağın dirçəldilməsi prioritetinə uyğun olaraq, regionunun sənaye potensialının reallaşdırılması, ölkə iqtisadiyyatına reinteqrasiyası, əhalinin məşğulluğunun təmin edilməsi məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin müvafiq fərmanları ilə Ağdam şəhərində Ağdam Sənaye Parkı, Cəbrayıl rayonunda isə “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkı yaradılıb.



Ağdam Sənaye Parkı 190 hektar ərazini əhatə edir. Ağdam Sənaye Parkının prioritet istiqamətləri kimi tikinti materiallarının istehsalı, kənd təsərrüfatı məhsullarının qablaşdırılması, meyvə-tərəvəz konservləri, ət və süd məhsulları, yem, gübrə istehsalı və emalı, eyni zamanda, xidmət sahələrinin, soyuducu kameraların və s. təşkili müəyyənləşdirilib. Hazırda Ağdam Sənaye Parkında 31 sahibkarlıq subyekti rezident, 4 sahibkar isə qeyri-rezident kimi qeydiyyatdan keçib. Parkda 11 müəssisə fəaliyyət göstərir.

 “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkı 200 hektar ərazini əhatə edir. Sənaye Parkının əsas fəaliyyət istiqaməti kimi logistika və ticarət mərkəzi, anbar kompleksləri, topdan və pərakəndə satış obyektləri, TIR parkı, gömrük anbarlarının, yanacaqdoldurma, avtomobil və digər texnikaların təmiri məntəqələrinin yaradılması müəyyənləşdirilib. Sənaye parkında hazırda 19 sahibkarlıq subyekti rezident, 3 sahibkar isə qeyri-rezident kimi qeydiyyatdan keçib. Parkda hazırda 3 müəssisə fəaliyyət göstərir.

Sahibkarlar üçün güzəştlər

İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sənaye parklarında sahibkarlar üçün stimullaşdırıcı tədbirlər tətbiq olunur. Belə ki, sənaye parklarının rezidentləri dövlət vəsaiti hesabına hazır infrastrukturla - qaz, işıq, su, kanalizasiya, fiber-optik, daxili avtomobil və dəmir yolları xətləri ilə təmin edilirlər.

Üstəlik, onlar qeydiyyata alındıqları tarixdən etibarən 10 il müddətinə əmlak, torpaq, gəlir vergilərindən, həmçinin istehsal məqsədilə texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı zamanı ƏDV-dən və gömrük rüsumlarından azad olunurlar.

Müasir hava limanları

Beş illik dövr ərzində Qarabağ və Şərqi Zəngəzurda nəqliyyat infrastrukturunun qurulması istiqamətində də çoxsaylı addımlar atılıb. Füzuli, Zəngilan və Laçında beynəlxalq standartlara cavab verən üç hava limanı inşa olunub.



Füzuli Beynəlxalq Hava Limanının təməli 14 yanvar 2021-ci ildə qoyulub və həmin ilin oktyabrın 26-da istifadəyə verilib. Zəngilan Beynəlxalq Hava Limanının təməli 26 aprel 2021-ci ildə qoyulub və 2022-ci il oktyabrın 20-də açılışı olub. Bu hava limanı gələcəkdə Zəngəzur dəhlizi vasitəsilə regionun ən önəmli logistik mərkəzlərindən birinə çevriləcək.

Laçın Beynəlxalq Hava Limanı isə dağlıq relyefə baxmayaraq mühəndislik baxımından ən mürəkkəb və unikal nümunələrdə biri hesab olunur. Onun təməli 16 avqust 2021-ci ildə qoyulub, açılışı isə 2025-ci il mayın 28-də baş tutub.

Yeni salınan avtomobil və dəmir yolları

Qarabağ və Şərqi Zəngəzurda dayanıqlı inkişafın və həyat səviyyəsinin təmin olunması ilə bağlı avtomobil yolları infrastrukturunun təmir və bərpası, yenidən qurulması, həmçinin yeni avtomobil yollarının tikintisi əsas prioritetlərdəndir. 60 layihə üzrə ümumi uzunluğu 3501,6 kilometr olan avtomobil yollarının tikintisi qismən icra olunub. Avtomobil yolları üzərində ümumi uzunluğu 69,1 kilometr olan 45 tunelin tikintisi aparılır.

Hazırda azad edilmiş ərazilərdə dəmir yolu xətlərinin tikintisi geniş miqyasda davam edir. Layihələrin ox üzrə ümumi uzunluğu 185,5 kilometr, yan yollarla birlikdə isə 229,257 kilometr təşkil edir. Ümumi uzunluğu 5204,4 metr olan 49 körpünün və uzunluğu 2345 metr olan 4 tunelin inşası planlaşdırılıb. Artıq 4441 metr uzunluğunda olan 42 körpünün tikintisi tamamlanıb, 3 körpü istismara verilib. 

Qarabağın zəngin təbiəti və çoxşaxəli turizm potensialı

Qarabağ dünyanın az sayda bölgələrindəndir ki, burada ekoturizmdən qış turizminə, aqroturizmdən ekstremal turizmə, şərabçılıqdan sağlamlıq və kurort turizminə qədər bütün əsas istiqamətlərin inkişafı üçün ideal imkanlar mövcuddur.

İşğaldan sonrakı dövrdə bölgədə turizm infrastrukturunun yaradılması, turizm informasiya mərkəzləri, parklar, mehmanxanalar və istirahət komplekslərinin inşası həyata keçirilib. Görülən işlər nəticəsində, Qarabağ təkcə yerli deyil, eyni zamanda xarici turistlərin də üz tutduğu məkana çevrilir.

Yaşıl enerji zonası

İşğaldan azad edilmiş ərazilərlə bağlı iqtisadi inkişaf kursunda bu ərazilərin “yaşıl enerji" zonasına çevrilməsi əsas istiqamətlərdən biri hesab olunur.

Dövlət başçısı “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində “yaşıl enerji” zonasının yaradılması ilə bağlı tədbirlər haqqında” 2021-ci il 3 may tarixli Sərəncam imzalayıb. Sənədə əsasən, Nazirlər Kabineti tərəfindən “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində 2022–2026-cı illərdə “yaşıl enerji” zonasının yaradılması ilə bağlı Tədbirlər Planı” təsdiq edilib. 

Ötən dövr ərzində görülən işlər nəticəsində ölkənin enerji sistemi tarixində ilk dəfə Qarabağ və Şərqi Zəngəzur regionlarının elektrik enerjisi tələbatı 100 faiz “yaşıl enerji” hesabına təmin edilib və tələbatdan artıq qalan həcm ölkə enerji sisteminə ötürülür.



Perspektiv layihələr də nəzərə alınarsa, işğaldan azad olunan rayonların ərazisində icra edilmiş və icrası gözlənilən “yaşıl enerji” layihələri, ümumilikdə, 1100 MVt  təşkil edir ki, bu da regionun mövcud enerji tələbatından 12-15 dəfə çoxdur. Bölgənin 2040-cı il üçün ümumi güc tələbatı 1000 MVt proqnozlaşdırılır ki, bu da icra olunacaq “yaşıl enerji” layihələrinin həcmi nəzərə alınmaqla 20 il sonra Qarabağ və Şərqi Zəngəzurun  tam olaraq “yaşıl enerji” ilə təmin ediləcəyi deməkdir.

Azərbaycan modelinin mahiyyəti

Beş illik fəaliyyət göstərir ki, Qarabağın bərpası yalnız fiziki infrastrukturun tikintisi deyil. Bu, dövlətçilik fəlsəfəsinin təcəssümüdür. Azərbaycan təkcə dağıdılmış coğrafiyanı qaytarmır, həm də müasir planlaşdırma prinsiplərinə əsaslanan yeni həyat məkanı yaradır. Bu bölgə artıq ölkənin iqtisadi sisteminin ayrı bir seqmenti deyil — onun mühüm arteriyasına çevrilir.

Qarabağda görülən işlər Azərbaycanın gələcək onilliklərinə təsir edəcək strateji prosesdir. Sürətli bərpa işi, müasir şəhərsalma yanaşması, iqtisadi ekosistemin yenilənməsi, insanların qayıdışı və dövlət siyasətinin ahəngdar şəkildə həyata keçirilməsi Qarabağı tədricən ölkənin ən dinamik inkişaf zonası kimi formalaşdırır.

Dirçəlişdən gələcəyə doğru

Bu gün Qarabağa baxanda yalnız tikilən yolları, bərpa olunan şəhərləri və yüksələn binaları görmürük. Burada Azərbaycan dövlətinin iradəsi, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı, iqtisadi gücün yenilənməsi, sosial həyatın yenidən qurulması və müasirliklə ənənənin birləşdiyi böyük bir transformasiya görünür.

Qarabağ artıq təkcə bərpa olunan ərazi deyil — Azərbaycanın gələcək inkişafının başlanğıc nöqtəsidir. Bu torpaqlarda baş verən hər proses ölkənin ümumi inkişafına yeni nəfəs verir və bir daha göstərir ki, Qarabağın dirçəlişi həm tarixə hörmət, həm də gələcəyə sərmayədir.

Bizim.Media-nın analitik qrupu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO