Sabunçu Rayon Məhkəməsində qəsdən sağlamlığa yüngül zərər vurmada təqsirləndirilən Xəki Babaşovun (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Bizim.Media xəbər verir ki, hakim Turanə Cəfərlinin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə o, zərərçəkmiş şəxslə barışdığı və dəymiş ziyanı tamamilə ödədiyi üçün cinayət məsuliyyətindən azad edilib, barəsində olan cinayət təqibinə xitam verilib.
İttiham sənədinə görə, hadisə 06 noyabr 2025-ci il tarixdə, saat 07 radələrində paytaxtın Sabunçu rayonu ərazisində baş verib.
Belə ki, Xəki Babaşov keçmiş həyat yoldaşı, zərərçəkmiş Maya Bəşirovanın (adı, soyadı şərtidir) yaşadığı evdə qonaq otağında olarkən qadının mobil telefonunu əlindən alıb. Bu səbəbdən onların arasında qısqanclıq zəminində mübahisə yaranıb.
Mübahisə zamanı təqsirləndirilən şəxs qəsdən zərərçəkmişi ağız nahiyəsindən sağ əli ilə vurub. Nəticədə Mayanın üst dodaqda hematoma, selikli qişada qansızma və üst damaqda nöqtəvari qansızmalar qeydə alınıb. Bu xəsarətlər ümumilikdə sağlamlığın qısa müddətə pozulması kimi qiymətləndirilib.
Məhkəmə iclası zamanı zərərçəkmiş şəxs yazılı ərizə ilə çıxış edərək təqsirləndirilən şəxslə barışdığını, dəymiş ziyanın tam ödənildiyini və ona qarşı hər hansı şikayət və tələb irəli sürmədiyini bildirib. (Pravda.az)
Bizim.Media


































































































