Azərbaycanda işçilərin işdən azad olunması qaydalarına dəyişiklik edilir.
Bununla bağlı təklif layihəsi Milli Məclisin Regional məsələlər komitəsinin iclasında müzakirə olunub.
Hansı hallarda əmək müqaviləsinə xitam veriləcək?
MÖVZU İLƏ BAĞLI:
Bu əməkdaşların işdən çıxarılması - Qadağandır!
Dəyişikliyə əsasən, icbari tibbi müayinə ilə bağlı verilmiş tibbi rəydə işçinin əmək funksiyalarının yerinə yetirilməsinə əks göstərişlər aşkar edildikdə o, işdən azad edilə bilər.
Həmçinin, işçi müəyyən olunmuş qaydada əməyin mühafizəsi üzrə təlimdə iştirak etməkdən və biliyinin yoxlanılmasından boyun qaçırdıqda və əmək vəzifələrinin pozulması halının araşdırılmasına maneçilik törətdikdə də işdən azad edilə biləcək.
Bununla bərabər, işçinin işdən kənarlaşdırıldığı müddət hər bir konkret halın xarakterinə, işçinin işdən kənarlaşdırıldığı müddətdə həmin halın aradan qalxmasına və ya davam etməsi ondan asılı olan hallarla bağlı işçinin etdiyi hərəkətlərə (hərəkətsizliklərə) uyğun olaraq işəgötürən tərəfindən müəyyən edilir.
İşəgötürən işçinin işdən kənarlaşdırılması barədə əmrini (sərəncamını, qərarını) vaxtından əvvəl ləğv edə biləcək.
“Bu şəxslər mütəmadi olaraq müayinədən keçməlidir”
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası İcraiyyə Komitəsinin sədri Sahib Məmmədov bildirib ki, əslində bu dəyişikliklər Əmək Məcəlləsində var:
“Məsələn, Məcəllənin tələbinə görə bəzi işçilər davamlı olaraq tibbi müayinədən keçməlidir. Bir çox sahələr var ki, orada işləyənlərin mütəmadi olaraq tibbi müayinədən keçməsi lazımdır. Məsələn, sürücülər davamlı müayinədən keçməlidirlər ki, bilinsinŞ onların sağlamlığı yerindədirmi, xəttə çıxan zaman içkilidirlər, ya yox?
Əgər işçi tibbi müayinədən keçməyibsə, rəhbərlik onu işdən kənarlaşdıra bilər. Yəni tibbi müayinədən keçənə qədər onun adı işdə getsə də, əmək haqqı almır.
O ki, qaldı əməyin mühafizəsi ilə bağlı təlimdə iştirak tələbinə...
İşəgötürənin üzərində öhdəlik var ki, işçi cari və mütəmadi təlimlərə cəlb edilməli, əməyin mühafizəsi ilə bağlı təlimatlandırılmalıdır. Yeni qaydaya görə işçi əsassız yerə təlimdə iştirakdan boyun qaçırarsa, o zaman işəgötürən onu işdən azad edə bilər.
Təbii ki, işçi dərhal işdən azad edilmir. Əvvəlcə imtinanın əsasları öyrənilir. Əgər imtina əsassızdırsa, o zaman işçiyə şifahi və yaxud yazılı xəbərdarlıq edilə bilər. Əməl təkrarlanarsa, o zaman işçinin işdən çıxarılmasına baxıla, əmək müqaviləsinə xitam verilə bilər. Çünki əməyin təhlükəsizliyinə görə məsuliyyət işəgötürənin üzərindədir. Baş verə biləcək hər hansı bir hadisəyə görə də o məsuliyyət daşıyır.
Əslində bu qaydalar əvvəl də var idi. Amma indi cəza tədbirləri bir qədər sərtləşirilib. Normal bir yanaşmadır. Təbii ki, işəgötürənlər yeni qaydalardan istifadə etməsə...”
Surxay Atakişiyev, Bizim.Media

























































































