Bakıda Şəhidlər xiyabanında qeyri-etik videolar çəkərək həmin videogörüntünü sosial şəbəkələrdə paylaşan Səudiyyə Ərəbistanı vətəndaşlarının Alzaman Mahdi Ali, Alghabr Mohammad Hussain, Alghabr Mahdi Mohammadin cinayət işi üzrə məhkəmədə bir zərərçəkən və şahidlər ifadə verib.
MÖVZU İLƏ BAĞLI:
Şəhidlər xiyabanında qeyri-etik videolar çəkən əcnəbilər məhkəməyə gətirildi - VİDEO
Bizim.Media report-a istinadən xəbər verir ki, Səbail Rayon Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkən qismində tanınan Ruhan Hüseynov deyib ki, qardaşı Birinci Qarabağ Müharibəsində şəhid olub və Şəhidlər xiyabanında dəfn olunub:
"Hadisə ilə bağlı mənə tik-tokerlər zəng edərək məlumat veriblər. Təqsirləndirilən şəxslərdən şikayətçiyəm və onların həbs olunmasını istəyirəm".
Prosesdə ifadə verən şahid Kəmalə Sadıxova deyib ki, Şəhidlər xiyabanın yaxınlığındakı parkda xadimə işləyir:
"Şəhidlər xiyabanından səslər gəlirdi. Səs gələn tərəfə yaxınlaşan zaman gördüm ki, 3 nəfər əcnəbi şəhid məzarları qarşısında nalayiq hərəkətlər edirlər. İrad bildirdim, lakin əhəmiyyət vermədilər".
Şahid Sevil Əliyevanın sözlərinə görə, Şəhidlər xiyabanında xadimə işləyir. Hadisə baş verən gün şəhid məzarlarının yaxınlığından səs gəldiyini eşidib. Yaxınlaşan zaman əcnəbilərin şəhid məzarları önündə qeyri-etik hərəkətlər etdiyini görüb, onların dillərini bilmədiyi üçün müdaxilə etməyib və həmin yerdən uzaqlaşıb.
Prosesdə ifadə verən şahid Bəsti Ağayeva deyib ki, o da Şəhidlər xiyabanında xadimə işləyir:
"Təmizlik işləri aparan zaman 3 nəfərin şəhid məzarları önündə qeyri-etik hərəkətlər etdiyini gördüm. Onlar şəhid məzarlarının üzərinə çıxmışdı. Dillərini bilmədiyim üçün müdaxilə etmədim".
Təqsirləndirilən şəxslər şahidin ifadəsinə münasibət bildirən zaman deyiblər ki, onlar Şəhidlər xiyabanında məzara və məzarların üzərindəki gülə toxunmayıblar.
Şahid Tamara Heydərovanın sözlərinə görə, o da Şəhidlər xiyabanında xadimə işləyir.
Təmizlik işləri apararkən şəhid məzarlarının yaxınlığından səs gəldiyini eşidib. Səs gələn tərəfə yaxınlaşan zaman 3 nəfər əcnəbinin şəhid məzarları yanında deyib-güldüyünü görüb.
Orada polis olduğu üçün müdaxilə etməyib.
Məhkəmənin növbəti iclasında qalan 2 şahidin dindiriləcəyi bildirilib.
Növbəti proses dekabrın 9-na təyin olunub.
İttihama görə, sözügedən şəxslər bu ilin avqust ayında Şəhidlər xiyabanına gələrək bir neçə şəhidin məzarı üzərində qeyri-etik hərəkətlər ediblər.
Faktla bağlı Cinayət Məcəlləsinin 245-ci (Qəbir üzərində təhqiredici hərəkət) maddəsi ilə cinayət işi başlanılıb. Polis əməkdaşlarının gördüyü tədbirlərlə hər üç şəxs saxlanılaraq istintaqa cəlb ediliblər.
Bizim.Media
































































































