Jurnalistlərin iki günlük səyahətində təbiət, sənət və tarix bir arada idi. Şəkiyə doğru uzanan yol, sanki jurnalistləri qədim bir nağıla aparırdı. Dövlət Turizm Agentliyinin təşkil etdiyi mediaturun məqsədi təkcə bölgənin turizm potensialını göstərmək deyildi. Bu səfər, Şəkinin nəfəsini hiss etdirmək, onun torpağına hopmuş sənəti, zəhməti və tarixini nümayiş etdirmək idi.
Təbii harmoniyanın içində səkkiz hektarlıq həyat

Şəkinin Öyrət kəndinə çatanda qış günəşinin altında parıldayan “BioGarden” təsərrüfatı jurnalistləri meyvə bağlarının sükutu ilə qarşıladı. Səkkiz hektarlıq ərazini bürüyən üç mindən çox meyvə ağacı elə bil ki, illərin əkinçilik tarixini pıçıldayırdı. Bağın içindəki arıçılıq təsərrüfatından gələn bal arılarının xışıltısı isə buranın yalnız təsərrüfat deyil, yaşayan ekosistem olduğunu hiss etdirirdi.
Məlumat verildi ki, “BioGarden” artıq 2010-cu ildən aqroekoloji turizm məkanı kimi fəaliyyət göstərir. Onların məqsədi bölgənin bio-müxtəlifliyini qorumaq, ekoloji təmiz kənd təsərrüfatı məhsulları istehsal etmək və bu nemətlərdən hazırlanan milli yeməkləri turistlərə təqdim etməkdir.
Təsərrüfatın rəhbəri Etibar Nuriyevin sözlərinə görə, ərazidə respublikanın müxtəlif bölgələrində yetişdirilən, eləcə də dünyanın digər ölkələrindən gətirilmiş müxtəlif növ meyvə və giləmeyvələr yetişdirilir. Ekoloji təmiz və orqanik şəkildə yetişdirilən bu məhsullardan bağa gələn hər kəs dada bilir. Yerli turistlərin girişi üçün 5, əcnəbilər üçün isə 10 manat olan təsərrüfat tam şəkildə ziyarətçilərin istifadəsinə verilir.
18 ildir “Bio Garden”in yaradılmasında ailəsi ilə birlikdə fəaliyyət göstərdiyini qeyd edən Etibar Nuriyev təsərrüfatın tanınmasında və təbliğində elə özlərinin də məşğul olduğunu vurğulayıb.
Baramadan uzanan əsrlik ənənə

Səfərin növbəti dayanacağı Şəkinin qüruru sayılan “Azəripək” ASC oldu. Burada jurnalistləri qarşılayan ipək tellərinin xışıltısı idi — baramadan açılan xam ipəyin səsi...
Baramaaçan müəssisəyə daxil oluruq... Havada qəribə, kəskin, bir az da rütubətli bir qoxu duyulur. Otağı bürüyən isti buxar, sanki içəri girdiyin andan bütün hisslərini dəyişir. Sanki yüz illərin ipəkçilik ənənəsi toxunur.
Qadınların əl dəqiqliyi heyrət doğurur. Qaynar su ilə dolu qablardan baramalar çıxarılır, qadınlar baramanın üst qatına toxunan kimi incə sap öz-özünə açılmağa başlayır. Hər bir qadının qarşısında buxarın altında titrəyən nazik ipək telləri sanki gözlə görünməyən incəliklə uzanır. Əllərin sürəti, diqqəti və yorulmaz hərəkəti burada çalışan insanların zəhmətini bütün çılpaqlığı ilə göstərir. Otağın içindəki istilik, “qulağıparçalayan” səs, ard-arda açılan ipək sapların xışıltısı əslində bu məkanın həm çətin, həm də dərin anlamlı bir sənət nəfəsi olduğunu təsvir edir.
Burada yalnız proses deyil, qadınların güzəranı, onların zəhmətinin çəkisi də hiss edilir.
Daha sonra boyaqxanadan yüksələn isti rəng qoxulu sexə daxil oluruq. Usta qadınlar masa üzərindəki ipək parçaların üzərinə valehedici naxışlar salır, hər fırça toxunuşunda yeni bir həyat canlanır. Naxışların incəliyi, xəttlərin zərifliyi göz oxşayır. Başqa aləmin sehrinə düşmüş kimi rənglərin içində insanı məst edir...
Sexin bir küncündə müxtəlif boyalarda hazırlanmış kəlağayılar görünür. Qızılı, firuzəyi, tünd qırmızı, narıncı və daha neçə-neçə rəngin birləşdiyi bu kompozisiya insanı valeh edir, sanki işıqlı bir rəsm sərgisi təəssüratı yaradır. Hər kəlağayı öz naxışı ilə fərqlənir, ustaların zövqünü, illərin təcrübəsini, Şəkinin incəliklə yoğrulmuş sənət ənənəsini əks etdirir. İpək parçaların üzərinə salınan bir-birindən gözəl naxışlar, Şəkinin əsrlik ipəkçilik tarixinin canlı davamçısı olduğunu nümayiş etdirir.
Müəssisədə 100% təbii ipəkdən hazırlanan kəlağayı, şərf, çitmə kimi məhsullar istehsal olunur və müxtəlif ölkələrə ixrac edilir. Bu məkanda hər ilmə bir hekayə, hər ipək sapı bir ənənənin davamıdır.
Şəki halvasının qoxusu

Şəkidə məşhur halvaçı Xosrov Qafarovun emalatxanasına daxil olan kimi isti şirniyyat qoxusu biz əhatəsinə alır. Usta halvanın hazırlanmasında ən incə mərhələləri izah edərkən, əlindəki alətlərin hərəkətindən belə peşə sevgisi duyulur. Şəki paxlavasının hazırlanma prosesini izləmək özlüyündə ayrı bir tamaşa idi. Halvaçı Xosrov Qafarov bizə yalnız bir şirniyyatın yox, nəsildən-nəsilə ötürülən bir ənənənin necə canlandığını göstərir. İlk olaraq masanın üzərinə qoyulan iri, ağappaq xəmir diqqətimizi çəkir. Usta bu xəmiri o qədər incə açır ki, sanki masanın üstündə hava kimi nazik, şəffaf bir təbəqə görünür. Sonra bu nazik qatların arasına xüsusi üsulla hazırlanmış içlik — qovrulmuş qozun əzilmiş, ətirli qarışığı səpilir. Usta hər qatın üzərinə əl ilə səpələnən içliyi barmaq ucları ilə düzəldir, xəmirin hər küncünün bərabər paylanmasına xüsusi diqqət yetirir. Sonra növbə gəlib çatır, səthin üzərində çəkilən o məşhur şəbəkəvari naxışa... Nazik xəmir zolaqları ilə paxlavanın üzərində elə bir ornament yaradılır ki, sanki mozaika işlənir. Bu prosesin hər anı Şəki paxlavasının sadəcə şirniyyat deyil, bir sənət nümunəsi olduğunu göstərir.
Dulusçuluğun gilə hopmuş mirası

Dulusçu Əhəd Məmmədovun emalatxanasında isə gil torpağın içində dirilən sənətin şahidi olduq. O, jurnalistlərin gözü önündə bir parça gili məharətlə fırladaraq su qabına çevirir. Onun əlləri ilə gilin dialoqu sanki yüz illərin sənət tarixini əks etdirir.
“Yuxarı Baş” - Şəkinin yaddaşı

Mediatur iştirakçıları daha sonra “Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğunun sakit küçələrində addımlayır. Qoruğun tarixi abidələri, Xan sarayının rəngli şəbəkələri və naxışlı divarları sanki zamanın içində donub qalmış bir film kadrı kimi canlanır.
Xan sarayına yaxınlaşdıqca sanki başqa bir aləmə qədəm qoyursan. Günəş şüşəbəndlərin rəngli şəbəkələrinə dəyib içəriyə düşən işığı min rəngə bölür — qırmızı, mavi, yaşıl və sarı şüalar sarayın divarlarında rəqs edir. Şəbəkələrin hər bir xırda hissəsi ustaların əlləri ilə bir neçə əsr əvvəl kəsilmiş minlərlə rəngli şüşə parçasından ibarətdir və bu mozaika elə canlanır ki, adamın gözləri önündə zaman dayanmış kimi olur. Naxışlı divarlar, — meyvə və heyvan ornamentləri, sirli fiqurlar və qədim Şəki memarlığının zərif xətləri sanki yüz illərin astadan pıçıldadığı hekayələri danışır.
Bələdçi xanımın səsi bu mənzərənin içində xüsusi bir ahənglə eşidilir. O qədər detallı və məharətlə danışır ki, elə bil illərdir bu sarayın divarları arasında yaşayır, onun nəfəsini duyur. Rənglərin seçilməsindən tutmuş şəbəkə texnikasının özəlliklərinə, hər otağın hansı məqsədlə istifadə olunduğuna qədər hər detalı elə izah edir ki, dinlədikcə sarayın içində keçmiş zaman canlanır.
Otaqları bir-bir gəzərkən bələdçi xanım sarayın memarı, onun sənətkarlığı, rəsm ustalarının miniatürləri necə işlədiyi barədə söz açır. Tavan naxışlarının niyə məhz bu rənglərlə çəkildiyini, hansı otağın diplomatik görüşlərə, hansının ailə qəbullarına ayrıldığını danışdıqca, sanki bir xəritə açılır.
Susub yalnız rənglərin oynayışına, şəbəkələrin şırıltılı işıq oyununa baxır, bəzən də bələdçinin izahları ilə sarayın keçmişini addım-addım gəzirik. Xan sarayı zamanın içində donub qalmış, amma hər ziyarətçini öz içində canlandıran bir film kadrı kimi yaddaşda qalır..
Kəlağayının naxışında gizlənən incəlik

Səfərin son məkanı sahibkar Sevinc Bayramovaya məxsus “Süsən” istehsalat müəssisəsi oldu. Sanki rənglərin içində başqa bir dünyaya düşürsən. İpəyin özünəməxsus parıltısı, naxışların zərifliyi və rənglərin harmoniyası birlikdə elə valehedici bir mənzərə yaradır ki, gözlər istər-istəməz hər küncə, hər asılqına yönəlir.
Burada nümayiş olunan kəlağayılar sadəcə geyim deyil, hər biri bir sənət əsəridir. Hər naxışın öz mənası, hər rəngin öz xarakteri var. Qırmızının alovu, firuzəyi rəngin sərinliyi, qızılı çalarların zənginliyi, yaşılın təbiətə bağlılığı… Bunların hamısı ipəyin üzərində elə ahənglə birləşib ki, insan kəlağayını sanki toxunmaqdan çox seyr etmək istəyir.
Rəngarəng kəlağayılar yalnız göz oxşamır, hər biri özündə bir hekayə daşıyır. Sevinc Bayramova qeyd edir ki, bu kəlağayıların naxışları təsadüfi seçilmir, onların hər birində qızların, gəlinlərin və dul qadınların həyatını, halını, statusunu əks etdirən dərin mənalar gizlənib.
Məsələn, zərif çiçək naxışlı, açıq rəngli kəlağayılar daha çox gənc qızların saflığını, gəncliyini təmsil edir. Gəlinlər üçün hazırlanan kəlağayılarda isə daha ifadəli ornamentlər, qırmızı və qızılı çalarlar üstünlük təşkil edir. Qızılı kəlağayılar həm də zənginliyi ifadə edir. Bu kələğayını taxıb məclisə gedən qadınlar zənginliyi, ad-sanlığı ilə xüsusi seçiliblərmiş. Ailədə söz sahibi, nüfuzlu xanımların kəlağayıları isə daha ağır naxışlarla, daha dərin və tünd rənglərlə hazırlanır. Doğma və əzizlərini itirənlər üçün tünd rənglərdə olan kələğayılar daha çox üstünlük təşkil edir.
Bir sözlə bu izahlar qarşısında kəlağayılar sanki yalnız parça kimi yox, qadın ömrünün müxtəlif mərhələlərinin rənglərlə və naxışlarla yazılmış tarixçəsi kimi görünür. Kəlağayıların hər birinə toxunduqca bu hekayələri hiss edir, ustaların bu parçaların üzərinə yalnız boyaq deyil, həm də duyğu, zövq və ənənə hopdurduğunu anlamış olduq.
Satış otağında kəlağayıların bir çoxu elə dizayn edilmişdi ki, həm ənənəvi Şəki naxışlarını qoruyur, həm də müasir zövqlərə uyğunlaşırdı. Məlumat verildi ki, kəlağayılar həm yerli alıcılar, həm də xarici turistlər tərəfindən böyük maraqla qarşılanır. Xüsusilə də əllə naxışlanan modellər, safran və təbii boyalarla rənglənən məhsullar ən çox seçilənlərdəndir.


















Alçina Amilqızı, Bizim.Media































































































