Xəbər verdiyimiz kimi Maliyyə naziri Sahil Babayev Milli Məclisin plenar iclasında icbari tibbi sığorta sahəsində yeniliklərlə bağlı suallara aydınlıq gətirib.
O, “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib ki, icbari tibbi sığorta məsələsi tamamilə tərsinə yozulmağa çalışılıb:
“Biz göstəririk ki, bəlli kateqoriya insanların hamısı, yəni uşaqlar, pensiyaçılar, əlilliyi olan şəxslər, işsizlər dövlət tərəfindən sığorta olunacaq. Nədənsə tam əksinə göstərilib ki, işsizlər sığortalanmayacaq.
Əksinə ilk dəfə olaraq qanunvericilikdə birbaşa göstərilir ki, işsizlər də dövlət tərəfindən sığortalanacaq. Biz deyirik ki, qanunvericiliklə qadağan olunmuş şəkildə fəaliyyət göstərən insanların sığortasını özləri ödəyəcək. Bunu müəyyən etmək üçün xüsusi qaydalar olacaq”.
Bəs işləyən “işsiz”lər necə müəyyən olunacaq?
Mövzu ilə bağlı Bizim.Media-ya danışan hüquqşünas Əkrəm Həsənov deyib ki, hələlik ortada hansısa hüquqi sənəd yoxdur:
“Ona görə də bu məsələ ilə bağlı qəti fikir söyləmək çətindir. Amma konstitusion prinsiplər, Konstitusiya Məhkəməsinin bu cür mübahisələr üzrə qərarı var. Yəni deyilsə ki, hansısa işsiz adam da icbari tibbi sığorta haqqı ödəməlidir, o zaman ilk növbədə icra məmuru sübut etməlidir ki, şəxsin qeyri-rəsmi gəliri var. Yalnız bundan sonra həmin şəxs icbari tibbi sığorta haqqı ödəməli olacaq.
Hər bir halda şəxsin işsiz olmadığı və əlavə gəliri olduğu sübut olunacaq. Ancaq bundan sonra həmin şəxs və şəxslərdən sığorta haqqı tələb olunacaq. Təbii ki, işsizlər icbari tibbi sığorta haqqı ödəməyəcək”.
Qeyd edək ki, hazırda formal şəkildə fəaliyyət göstərən qurumlarda işçi 2% və işəgötürən də 2% olmaqla, bir vətəndaş üçün ümumilikdə 4% icbari tibbi sığorta haqqı ödənilir.
Sözügedən qanuna dəyişiklik edildikdən sonra müəyyən kateqoriyaya daxil olan şəxslər istisna olmaqla, əmək potensialı olan şəxslər də ayda minimum əməkhaqqının (400 manat) 4%-i həcmində, yəni 16 manat icbari tibbi sığorta haqqı ödəyəcək. Bu isə illik 192 manat sığorta haqqı deməkdir.
Surxay Atakişiyev, Bizim.Media































































































