Masallıda həbsdən çıxan kişi sevgilisini döyüb.
Bizim.Media xəbər verir ki, hadisə Masallı şəhəri, Bakı prospektində baş verib.
1990-cı il təvəllüdlü Ceyhun Məmmədov (ad və soyad şərtidir) Bakıda oğurluğa görə məhkum edilib.
O, 2 il 4 ay cəza çəkəndən sonra şərti azadlığa buraxılıb və yenidən rayona qayıdıb. C.Məmmədov Masallıda Günel adlı qızla tanış olub və sevgi münasibətləri yaşayıb. O, Güneli Masallı rayonu ərazisindəki kafelərdən birinə işə düzəldib.
Ceyhun hər axşam kafeyə gələrək, Günelin iş vaxtının bitməsini gözləyib və onu götürüb evlərinə düşürüb.
Bir neçə gün öncə Ceyhun kafeyə gələndə Güneli sərxoş vəziyyətdə görüb. Məlum olub ki, Günel kafeyə gələn müştərilərlə birlikdə spirtli içki qəbul edib. O, Günelə irad bildirdikdə qadın onu təhqir edib və ondan ayrılmaq istədiyini bildirib.
Bir müddətdən sonra Günellə Ceyhun kafedən çıxaraq piyada evlərinə getməyə başlayıblar. Yolda cütlük arasında yenidən mübahisə başlayıb və Günel sərxoş olduğu üçün yenidən Ceyhunu təhqir edib. Nəticədə Ceyhun qadını döyməyə başlayıb. O, qadını yerə yıxaraq, başını asfalta vurub.
Hadisə yerinə polis əməkdaşları gəliblər, C.Məmmədov saxlanılıb. Faktla bağlı cinayət işi başlanıb və C.Məmmədov barəsində həbs qətimkan tədbiri seçilib.
Masallı Rayon Məhkəməsində tərəflər arasında barışıq elan edildiyindən cinayət işinə xitam verilib və C.Məmmədov azadlığa buraxılıb. (Oxu.az)
Bizim.Media































































































