Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Üzeyir bəy Hacıbəylinin Ev Muzeyinin direktoru, Azərbaycan Respublikasının Xalq artisti Sərdar Fərəcovla görüşüb, onu yubileyi münasibəti ilə təbrik edib, ürək sözlərini bölüşüb.
Milli Məclisdə baş tutan görüşdə Q.Paşayeva Xalq artistinə Mədəniyyət Komitəsi adından yubiley təbriki təqdim edib. Təbrik məktubunda sənətkarın yaradıcılıq yolunun ən ümdə məqamları vurğulanıb:

“Hörmətli Sərdar müəllim,
Sizi 65 illik yubileyiniz münasibəti ilə ürəkdən təbrik edir, möhkəm can sağlığı, yeni yaradıcılıq uğurları diləyirəm!
Siz Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasında (indiki Bakı Musiqi Akademiyasında) Xalq artisti, 2 dəfə Dövlət mükafatı laureatı, professor Xəyyam Mirzəzadənin sinfində oxumusuz. Hazırda Üzeyir bəy Hacıbəylinin Ev Muzeyinin direktoru vəzifəsində çalışırsınız. Əsərləriniz Avropa, Amerika və keçmiş SSRİ ərazisində müxtəlif ansambllar və ifaçılar tərəfindən ifa edilmişdir.
Siz səhnə üçün yazılan musiqilərdən miniatürlərədək müxtəlif janrlarda əsərlər yazmısız. Kamera-instrumental, vokal, vokal-simfonik və xor üçün yazılmış əsərlərin, simfonik, opera əsərlərinin, musiqili komediyaların, eləcə də musiqili teatr səhnələri üçün, kino musiqilərinə həsr olunmuş əsərlərin müəllifisiz. Sizin yaradıcılığınızda ən önəmli yerlərdən birini dahi bəstəkarımız Üzeyir bəy Hacıbəylinin bəzi əsərlərinin işləmələri və yenidən bərpası tutur.
Əsərləriniz musiqinin parlaqlığı, romantikliyi, qeyri-adi melodik dili ilə seçilir. Siz tanınmış bəstəkar, tədqiqatçı olmaqla yanaşı həmçinin ədəbi yaradıcılıqla da məşğul olursuz: şeir, hekayə, səhnə əsəri, libretto və ssenariləriniz vardır. – “Azərbaycantelefilm”in çəkdiyi “Əbədi iftixarımız”, “Üzeyir Hacıbəyli və Azərbaycan Bəstəkarlar İttifaqı” filmlərinin ssenari müəllifisiz.
17 sentyabr 2019-cu ildə Azərbaycan musiqi mədəniyyətinin inkişafında xidmətlərinizə görə Xalq artisti fəxri adına layiq görülmüsüz.
Bir daha Sizi 65 illik yubileyiniz və bütün uğurlarınız münasibəti ilə təbrik edir, ən xoş arzularımı yetirirəm”!

































































































