Azərbaycanda sürət həddini aşan sürücüləri həbs gözləyir?

Azərbaycanda sürət həddini aşan sürücüləri həbs gözləyir?

Hazırda oxunan: Azərbaycanda sürət həddini aşan sürücüləri həbs gözləyir?

54788

Bu ildən etibarən Rusiyada kobud qayda pozuntuları artıq cinayət məsuliyyəti yaradacaq.

Bizim.Media Rusiya mətbuatına istinadən xəbər verir ki, yanvarın 10-dan etibarən sürət həddini 60 km/saatdan çox aşan və qarşı zolağa çıxan sürücüləri 2 ilədək həbs və yaxud 300 min rubl məbləğində (6800 AZN) cərimə gözləyir. Cinayət məsuliyyəti bu qayda pozuntularına iki dəfədən çox yol verən sürücülərə tətbiq olunacaq.

Qeyd edək ki, Rusiyada 19 km/saata kimi sürət həddinin aşılması qayda pozuntusu sayılmır. 

Yeni qərarın tətbiqi isə, Rusiya ictimaiyyəti tərəfindən müsbət qarşılanıb. Bütün dünyada yüksək sürət qəzaların əsas səbəblərindən biri olduğu məlumdur. Bəs, Azərbaycanda sürət həddini kobud şəkildə aşan sürücülərə qarşı bu cür radikal cəza mexanizminin tətbiqi mümkündürmü?

Mövzu ilə bağlı fikirlərini bölüşən nəqliyyat eksperti Eldəniz Cəfərovun sözlərinə görə, Azərbaycanda da yol hərəkəti qaydalarının pozulmasına görə tətbiq olunan məsuliyyət tədbirləri yetəri qədər sərtdir:

“Azərbaycanda da yol hərəkəti qaydalarının pozulmasına görə təyin olunan cərimələrin miqdarı heç də aşağı deyil. Ölkəmizdə də sərt tədbirlər görülür, sürücülər cərimələnir, avtomobillər cərimə meydançasına aparılır, hətta qaydaları dəfələrlə pozan hərəkət iştirakçıları, avtoxuliqanlar üçün həbs qəti imkan tədbirləri də tətbiq olunur”.

Eldəniz Cəfərov qaydaların pozulmasında yalnız sürücülərin günahkar hesab olunmasını da doğru hesab etməyib:
 

“Yola hərəkəti qaydalarının pozulmasında 50% günah sürücülərdədirsə, 50%-ı isə qaydaları tənzimləyən qurumlar günahkardır. Çünki, Azərbaycanın bir sıra yollarında infrastrukturun yarımçıq olduğu diqqət çəkir.


Yollar çala-çuxurlarla doludur, yol çəkilib amma işıqlandırma yoxdur, xətlər çəkilməyib, yol nişanları, demək olar ki, yoxdur.

Bu isə, həm qaydaların pozulmasına, həm də qəzaların baş verməsinə səbəb olur. Bəzən sürücülər, onlardan asılı olmayan səbəblərdən, qaydaları pozmağa məcbur olurlar. Bakı şəhərinin özündə belə yol infrastrukturu zəifdir. Yollar tam işıqlandırılmayıb, xətlər düzgün çəkilməyib yaxud da lazımi yerlərdə piyada keçidləri quraşdırılmayıb. Bu problemlərin çoxluğu isə qaydaların pozulmasına gətirib çıxarır. Belə olan halda isə, qəzaların baş verməsi qaçılmazdır”.

Məlumat üçün bildirək ki, Azərbaycanda mövcud qanunvericiliyə əsasən qarşı zolağa çıxan sürücüləri 100 AZN, sürət həddini 60 km/saat-dan çox aşanları isə 250 AZN cərimə gözləyir. Hər iki halda əlavə olaraq 4 cərimə balı tətbiq olunur. 

Murad Əhmədov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO