"Şükürlər olsun ki, səhhətimdə heç bir problem yoxdur. Hər şey qaydasındadır. Hazırda Qaxdakı bağımda Ordubaddan gətirilən ağacları əkməklə məşğulam”.
Bizim.Media xəbər verir ki, bunu "modern.az”a açıqlamasında səhhətinin ağır olması səbəbindən Almaniyaya aparıldığı iddia olunan Bakı Şəhər İcra Hakimiyyətinin sabiq başçısı Hacıbala Abutalıbov bildirib.
MÖVZU İLƏ BAĞLI:
Hacıbala Abutalıbov təcili Almaniyaya aparıldı - SƏBƏB
Təcili Almaniyaya aparılması ilə bağlı iddiaları qəbul etməyən sabiq başçı səyahətə çıxdığını vurğulayıb:
"Oğlum və nəvələrimlə Almaniyada aktiv istirahətdə idim. Münhendə oldum, meriyanın möhtəşəm binasını, görməli yerləri gəzdim. İldə 1 dəfə məcburi müayinə olunmalıyam. Yenə də övladlarımın təkidilə müayinədən keçdim.
Burada hansısa ağırlaşmış xəstəlikdən söhbət getmir. Nəticələr də tam qaydasındadır. Oradan da Türkiyəyə, o biri oğlumun yanına getdim. Hazırda da Qaxda dincəlirəm, sağ-salamatlıqdır. Hamıya da belə aktiv istirahət arzulayıram”.
Keçmiş mer noyabrın 10-da mərhum qardaşının il mərasimində iştirak etmək üçün Bakıya qayıdacağını qeyd edib.
O, həmçinin, uzun müddətdir ağır xəstəlikdən əziyyət çəkən həyat yoldaşının da səhhətinin normallaşdığını, mütəmadi həkim nəzarətində olduğunu deyib.
Qeyd edək ki, mediada H. Abutalıbovun ağır vəziyyətdə Almaniyaya aparılması ilə bağlı məlumatlar yayılmışdı.
Bizim.Media