Bakı Şəhər İcra Hakimiyyətinin keçmiş aparat rəhbəri, bir müddət icra başçısının müavini səlahiyyətlərini icra etmiş Rasim Quliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Bizim.Media xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə baxılan prosesdə R.Quliyevin tikintisinə icazə verdiyi binanı inşa edən “FF-2011” Mənzil Tikinti Kooperativin təsisçisi Tamella İbrahimova ifadə verib.
O bildirib ki, bir müddət sonra tikintiyə qadağa qoyulub:
MÖVZU İLƏ BAĞLI:
Sabiq Aparat rəhbəri: “Lazım olsa, rəy alıb, onu da sökmək olar”
“Bundan sonra Baş nazirin müavini Hacıbala Abutalıbovun yanına getdim. Ona dedim ki, Rasim Quliyev kimdir? Dedi ki, nə olub? Söylədim ki, deyilənə görə Rasim Quliyev mənim sənədimə imza çəkdiyinə görə işin alınmayıb. Hacıbala müəllim dedi ki, ola bilməz. Məni arxayın elədi və Ramiz Mehdiyevlə danışdı. Ramiz müəllimə dedi ki, Rasim Quliyevin imzasını tanımırlar. O da dedi ki, “ola bilməz, biz onun sənədlərini qəbul edirik”.
Zakir Qaralovun məktubunda göstərilmişdi ki, bina qanunsuz tikilir. Biz də işi saxladıq. Hacıbala Abutalıbov dedi ki, mənim müavinim Rauf Pənahov rəhmətə getdi, ona görə saxlayıblar.
Sonra dedilər ki, mənim 2013-cü ildə aldığım sərəncam 2014-də ləğv edilib.
Mən ora 17 milyon pul qoymuşam”.Qeyd edək ki, ittihama görə, R.Quliyev Nəsimi rayonu, Dilarə Əliyeva küçəsində yerləşən binanın, həmçinin yerli əhəmiyyətli mədəniyyət abidəsi kimi dövlət tərəfindən mühafizə olunan yaşayış evinin sökülməsi, yerində yeni binaların tikintisi üçün “FF-2011” şirkətinə qanunsuz icazə verib.
Rasim Quliyev Nəsimi rayonu ərazisində ofis və yaşayış binalarının tikilməsinə dair 31 may 2018-ci il tarixli sərəncamı icra başçısının müavini vəzifəsini icra etdiyi vaxt imzalayıb.
Həmin ərazidə 1893-cü ildə inşa edilmiş, yerli əhəmiyyətli tarix və mədəniyyət abidəsi kimi dövlət tərəfindən mühafizə olunan yaşayış evinin olması nəzərə alınmayıb.
Bizim.Media