Masazır gölü tərkibindəki zəngin minerallar və faydalı duzu ilə tanınır. Təsadüfi deyil ki, ölkənin ən böyük duz yataqlarından biri məhz Masazır gölüdür.
MÖVZU İLƏ BAĞLI:
Masazırdakı duz gölünə kanalizasiya suyu axıdılır – VİDEO
Amma çox təəssüf ki, uzun illərdə ətraf ərazilərdən kanalizasiya və çirkab suları açıq şəkildə gölə axıdılır.Bununla bağlı ötən gün AzTV geniş videosüjet hazırlayıb. Süjetdə gölə çirkab sularının axıdılması və ərazidəki antisanitar vəziyyət açıq şəkildə öz əksini tapıb.
Qeyd edək ki, Masazır gölünün yaxınlığında “Azərsun Holdinq”in duz zavodu yerləşir. Sözügedən zavod Masazır gölündən toplanan duzun emalı ilə məşğul olur.
Lakin Masazır gölündəki acınacaqlı vəziyyətə nə “Azərsun” Holdinq, nə də ki, müvafiq dövlət qurumları münasibət bildirir. Xüsusilə də, ölkəmizdə əhalinin böyük qismi tərəfində istehlak edilən qida məhsullarının istehsalçısı olan “Azərsun Holdinq”in məsələyə səssiz qalması təəssüf doğurur.
Bu vəziyyət isə insan sağlamlığı üçün ciddi risklər yaradır.
Süfrələrimizə gələn təhlükə
Mövzu ilə bağlı fikirlərini Bizim.Media ilə bölüşən qida mütəxəssisi Asim Vəliyev bildirdi ki, Masazırdakı duz gölünə yaxın ərazilərdən kanalizasiya sularının axıdılması həqiqətən də çox təhlükəli bir haldır:
“Bu hal həm göl suyunun təbii tərkibini dəyişdirir, həm də burada toplanan duzun keyfiyyətinə və təhlükəsizliyinə ciddi təsir göstərir.
İlk növbədə kanalizasiya sularında müxtəlif patogen mikroorqanizmlər, zərərli kimyəvi maddələr və üzvi tullantılar mövcuddur. Bu vəziyyətdə kanalizasiya sularının gölə qarışması nəticəsində duzda insan sağlamlığı üçün təhlükəli maddələr yığıla bilər. Bu halda həmin duzdan qida məqsədilə istifadə risklidir”.
Həmin duzdan istifadə hansı xəstəliklərə səbəb ola bilər?
Müsahibimiz qeyd edib ki, belə şəraitdə yığılan duzun gigiyenik normalara uyğunluğu da sual altına düşür:
“Tullantı suları ilə çirklənmiş duzun emal olunmadan istifadəsi zəhərlənmə, bağırsaq xəstəlikləri və bir sıra sağlamlıq problemlərinə gətirib çıxara bilər. Problem təkcə duzun çirklənməsi məsələsi deyil, eyni zamanda göldəki ekoloji tarazlığa da zərər dəyir. Gölün bioloji məhsuldarlığının azalması və uzunmüddətli çirklənmə riskləri müşahidə oluna bilər.
Belə şəraitdə Masazır gölündən toplanan duzun təhlükəsizliyi sual altındadır. Bu məhsulun qida sənayesində istifadəsi yalnız ciddi laborator analizlərdən sonra mümkündür.
Masazır gölündən toplanan duz yalnız ekoloji təmizləmə və sanitar nəzarət tədbirləri görüləcəyi təqdirdə təhlükəsiz hesab oluna bilər. Hazırkı şəraitdə isə bu duzun birbaşa istehlak üçün istifadəsi həm sağlamlıq, həm də ekoloji baxımdan ciddi risk daşıyır”.
Niyə tədbir görülmür?
Məsələ ilə bağlı “Azərsun” Holdinqlə dəfələrlə əlaqə saxlamağa çalışsaq da, zənglərimizə cavab verilməyib.
Bundan əlavə, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi və Abşeron rayon İcra Hakimiyyətinə də sorğu ünvanladıq.
Adıçəkilən qurumların mövqeyini dərc etməyə hazırıq.
Mövzunu diqqətdə saxlayacağıq.
Surxay Atakişiyev, Bizim.Media