23 iyun Azərbaycanda dövlət qulluqçularının peşə bayramı kimi qeyd olunur.
Bizim.Media xəbər verir ki, dövlət qulluqçularının peşə bayramı Azərbaycan Prezidenti İlham Əliyevin 2006-cı il 25 may tarixli Sərəncamı ilə təsis edilib.
Dövlət xidmətinin demokratik, hüquqi və dünyəvi dövlətin yaradılmasındakı rolu və BMT Baş Məclisi tərəfindən iyunun 23-nün Birləşmiş Millətlər Təşkilatının Dövlət Qulluğu Günü elan edilməsi nəzərə alınaraq bu tarixin Azərbaycanda dövlət qulluqçularının peşə bayramı günü elan edilməsi qərara alınıb.
Bu gün sürətlə inkişaf edən Azərbaycanın beynəlxalq aləmdə öz nüfuzunu möhkəmləndirməsi ümummilli lider Heydər Əliyevin dövlət idarəetmə sistemində həyata keçirdiyi islahatlardan başlayıb.
Prezident İlham Əliyevin bu islahatları qətiyyətlə davam etdirməsi sayəsində ölkəmizin qüdrəti gündən-günə artmaqdadır.
Bu gün tam əminliklə demək olar ki, respublikamızda müasir tələblərə cavab verən dövlət idarəetmə sistemi qurulub, hakimiyyətin bütün qollarının funksiyaları dəqiq müəyyənləşdirilib, vətəndaşların hüquq və azadlıqlarının qorunması və həyata keçirilməsi üçün zəruri təsisatlar yaradılıb.
Azərbaycanda dövlət qulluqçuları ölkənin məşğul əhalisinin çox cüzi issəsini təşkil edir. Bu rəqəm digər ölkələrlə müqayisədə xeyli azdır. Odur ki, bu sahədə çalışanların hazırlıq səviyyəsinin və iş keyfiyyətlərinin yüksək olması çox vacibdir. Yalnız yüksək peşəkarlıqla, dərin biliklə, yaradıcı düşüncə tərzi ilə, ən başlıcası Vətənə, xalqa, dövlətə sədaqət hissi ilə bu çətin və məsuliyyətli işin öhdəsindən gəlmək mümkündür.
Bizim.Media