Qərbi Azərbaycan İcması tərəfindən təşkil edilən “İnsan Hekayələri” adlı rəsm sərgisi türkiyəli rəssam Ayfer Akbaşoğlunun əsərləri ilə sənətsevərləri bir araya gətirib. Sərgi, həm estetik baxımından zövq oxşayan, həm də dərin humanist mesajlar verən əsərlər ilə diqqət çəkib.
Bizim.Media xəbər verir ki, sərginin açılışında bir sıra ictimaiyyət nümayəndələri, millət vəkilləri, İcma nümayəndələri və Türkiyədən gələn qonaqlar iştirak ediblər.
Tədbir, həmçinin sənət dünyasında xüsusi bir yer tutan, insanların həyatını və duyğularını rənglərlə təsvir edən bu əsərlərin təqdim edilməsi baxımından mühüm əhəmiyyət kəsb edib.
Rəssam Ayfer Akbaşoğlu sərgidə "İnsan Hekayələri" adını verdiyi kolleksiyası ilə hər bir fərdin həyatının bir hekayə olduğunu vurğulayıb.
"Bu gün Bakıda olmaqdan dolayı çox məmnunam. Bu sərgi sadəcə olaraq rənglər və çizgilərdən ibarət deyil. Eyni zamanda duyulmayan insan hekayələrini, duyğularını da ifadə edir. Bir uşağın xəyallarını, bir ananın susqunluğunu, bir yaşlının yalnızlığından bəhs edilir. Belə bir mənalı sənət səyahətini qardaş torpaqlarda paylaşmaq mənim üçün xüsusi bir anlam kəsb edir. Bir ildir ki, bu sərgi üçün çalışıram. Bu xoşbəxtliyi mənə mümkün qılan Qərbi Azərbaycan İcmasına təşəkkürümü bildirirəm. Qərbi Azərbaycan topluluğu sadəcə olaraq bir mədəniyyət deyil, həmçinin keçmiş və gələcək arasında bir xatirə körpüsüdür"- deyə o qeyd edib.
A. Akbaşoğlunun əsərləri, insan həyatının müxtəlif mərhələlərində yaşanan hissləri, emosiyaları və təcrübələri təsvir edir.
Hər bir şəkil, insanların iç dünyalarına işıq salaraq, izləyiciləri daha dərindən düşünməyə və hiss etməyə dəvət edir.
Sərgidə çıxış edən Qərbi Azərbaycan İcmasının sədri, millət vəkili Əziz Ələkbərli isə sənət və mədəniyyətin cəmiyyətlər arasındakı körpüləri gücləndirdiyini vurğulayıb.
Türkiyədən gələn qonaqlar və millət vəkilləri də sərginin sənət və insan hekayələrini birləşdirən gücünü təqdir ediblər.
Ayşən Rəhim, Sadiq Məmmədov, Bizim.Media