“Öncə deyim ki, hepatit qaraciyərin iltihabi xəstəliyidir. Hər hansı səbəbdən qaraciyər toxumasında zədələnmə meydana gəlir və buna cavab olaraq orqanizmdə iltihabi reaksiya başlayır. Hepatitləri müxtəlif səbəblər törədir. Bunlardan birincisi viruslardır, yəni virusların yaratdığı hepatitlərdir. Alkoqol, genetik faktorlar, metabolik xəstəliklər, piylənmə, şəkərli diabet, dərmanlar və s. səbəbləri sadalamaq olar. Vaxtında aşkarlanan hepatitlər düzgün müalicə olunduqda və doğru həyat tərzi seçildikdə sirrozla nəticələnməyə də bilər”.
Bu sözləri Bizim.Media-ya açıqlamasında hepatoloq, Tibb Universitetinin tədris hissə müdiri, Tibb üzrə fəlsəfə doktoru Hicran Xıdırova bildirib.
Həkimin sözlərinə görə bu gün Azərbaycanda hepatitlərin və qaraciyər xəstəliklərinin müalicəsi dünya səhiyyəsində qəbul olunmuş protokollar əsasında aparılır.
“Əgər bir vaxtlar pasiyent ”Həkim, hepatitin müalicəsi varmı?” , - soruşanda “Xeyr ”, -deyirdiksə, bu gün rahatlıqla müsbət cavab vermək olur. Hepatit B və Hepatit D-nin müalicəsi var”- deyə hepatoloq əlavə edib.
Bəs hepatitin diaqnozu necə qoyulur?
H.Xıdırova qeyd edir ki, ümumi qan analizi verməklə heç vaxt hepatitə yoluxub-yoluxmamaq barədə dəqiq məlumat əldə etmək olmaz. Yalnız immunofermentativ analiz verdikdən sonra dəqiq nəticədən danışmaq olar. Occult (gizli Hepatit B) aşkarlamaq üçün xüsusi analiz verilməlidir.
Metabolik və qaraciyər yağlanması ilə baş verən hepatitlərə gəldikdə bu zaman bədən kütlə indeksi, qaraciyərin funksional biokimyəvi göstəriciləri və instrumental müayinələr aparılır. Mərkəzimizə müraciət edən pasiyentlər əvvəlcə sadə ultrasəs müayinəsindən keçirilir, daha sonra qaraciyər damarlarının dopler-i olunur və bundan sonra “ILIVTOUCH” cihazı ilə “Fibroscan” müayinəsi aparılır.
Bu zaman pasiyentlərdə biz həm qaraciyər yağlanmasının, həm də qaraciyər fibrozunun rəqəmsal göstəricilərini əldə etmiş oluruq. Beləcə növbəti mərhələlərdə müalicə prosesində qaraciyərin özünün orqan olaraq vəziyyətinə nəzarət etmək imkanı qazanırıq”.
Hepatoloq əlavə edib ki, insanlar ən əsası qaşınma, dəridə ləkələrin yaranması, saralma, hədsiz köp hissi, qəbizlik, sağ qabırğa altında ağrı və bir sıra əlamətlər hiss edən zaman mütləq qaraciyərin səssiz orqan olduğunu xatırlayıb, həkim yoxlanışına üz tutmalıdırlar. Təzyiq, ürək-damar və xroniki xəstəliklərdən, şəkərli diabetdən əziyyət çəkən şəxslər də diqqətli olmalıdırlar.
Bizim.Media