Vətəndaşların gündəlik qayğılarının öyrənilməsi, onları narahat edən problemlərin yerində araşdırılması, qaldırılan məsələlərin həllinə nail olunması məqsədilə Qusar rayon icra hakimiyyətinin başçısı Sahir Məmmədxanov tərəfindən mütəmadi olaraq yerlərdə səyyar qəbullar keçirilir.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, icra başçısının növbəti səyyar qəbulu rayonun Həsənqala kəndində baş tutub.
Görüşdən əvvəl şəhidlərimizin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.
Hüquq mühafizə orqanlarının rəhbər şəxsləri, Rayon İcra Hakimiyyətinin məsul əməkdaşlarının, idarə, müəssisə, təşkilat rəhbərləri və kənd sakinlərinin iştirakı ilə baş tutan görüşdə sakinlərin müraciətləri dinlənilib, onlara müvafiq izahatlar verilib.
Sakinlər yeni salınmış məhəllənin, uşaq bağçası və tibb məntəqəsinin mavi yanacaqla təminatı, istismara yararsız elektrik dirəklərinin dəyişdirilməsi, 1 km-lik çınqıl əsaslı Balaqusar-Həsənqala yolunun asfaltlanması, avtobus dayanacağının və təhlükəsizliyin təmin olunması məqsədilə yol nişanlarının quraşdırılması ilə bağlı müraciətlərini ediblər.
Rayon icra başçısı qaldırılan problemlərin həlli ilə bağlı aidiyyəti üzrə tapşırıqlarını verib. Görüşdən sonra icra başçısı Həsənqala kənd tam orta məktəbin vəziyyəti ilə tanış olub. Şagirdlərin təhsil göstəriciləri, eləcə də məktəbin texniki təchizat məsələləri ilə maraqlanıb.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu.