Qış mövsümündə mövsümi xarakter daşıyan respirator virus infeksiyalarına yoluxma halları artır. Bu virusa yoluxanların bəzisi xəstəxanaya müraciət edərək müayinə olunurlar. Bəziləri isə apteklərdə satılan müxtəlif adda ağrıkəsici, temperatur düşürən, soyuqdəymə, qripə qarşı dərmanlardan istifadə edirlər. Bunların satışına həkim resepti olmadan da icazə verilir.
Bəs maraqlıdır ki, son ayda əhali arasında ən çox hansı dərmana tələbat var? Apteklərdən hansı dərmanlar alınır?
Bizim.Media-nın əməkdaşı paytaxtda yerləşən bir neçə aptekdə olaraq hazırkı vəziyyəti öyrənib.
MÖVZU İLƏ BAĞLI:
Vətəndaşlara hansı dərmanlar ödənişsiz veriləcək?– VİDEO
Əczaxana əməkdaşları son ayda əsasən virusa qarşı toz dərmanlara və müxtəlif ağrıkəsicilərə ehtiyac yarandığını bildiriblər. Aptek işçiləri ilə söhbətdə məlum olub ki, əhalinin çox hissəsi gündəlik olaraq baş, mədə və ürək ağrılarını sakitləşdirmək üçün müvafiq dərmanları alırlar.
Bəzi apteklər konkret dərman preparatlarının adlarını çəkiblər. Bunlara paraçetamol, spazmaqon, sitramon, majezik kimi ağrıkəsicilər və nimesil, teraflu, qriphot kimi toz dərmanlar aiddir.
Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzindən Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, əczaçılıq müəssisələrinin təchizatının həyata keçirilməsi Mərkəzin səlahiyyətlərinə aid deyil:
“Mərkəzin təsdiq olunan Əsasnaməsinə uyğun olaraq həyata keçirdiyi vəzifələrdən biri əczaçılıq bazarında dövriyyədə olan dərman vasitələrinin keyfiyyətinə nəzarət etməklə əhalinin sağlamlığının qorunmasıdır”.
Qurumdan vətəndaşlara müraciət olunub:
“Vətəndaşların əczaçılıq müəssisələrində satılan dərmanların keyfiyyəti ilə bağlı sualları və yaxud şikayəti olarsa Mərkəzin birpəncərə bölməsinə, rəsmi internet səhifəsinə (www.pharma.az) və (+99412) 596 07 12 Qaynar Xəttinə müraciət edə bilərlər”.
Günay Şahmar, Bizim.Media