Ölkəmizdə istismarda olan avtomobillərin tarixçəsini əks etdirən “VİN kod” sistemi işləmir. Ona görə də vətəndaş avtomobil alarkən həmin maşın başına nələrin gəldiyini öyrənə bilmir.
Halbuki, dünyanın əksər ölkələrində bunun üçün xüsusi DATA mərkəzləri fəaliyyət göstərir.
Onların saytına daxil olub, “VİN kod” axtarış sisteminə girməklə avtomobilin necə istismar edildiyi haqda ətraflı məlumat almaq olur.
Bəs, ölkəmizdə belə bir sistem niyə aktiv deyil?
Məsələ ilə bağlı Bizim.Media-ya danışan nəqliyyat üzrə ekspert Yasin Mustafa deyib ki, Azərbaycanda “VİN kod” sistemi işləyir:
“Sadəcə sistem bizdə yenilənmir. Məsələn xaricdən - ABŞ-dan, Avropadan və yaxud Çindən alınan avtomobilin “VİN kod”unu vurmaqla avtomobilin əvvəlki vəziyyəti haqqında məlumat əldə etmək olur. Məsələn, avtomobil hansı servisləri görüb, qəza törədibmi, suda batıbmı, hansı detalları dəyişib və s. məlumatları sistemdən öyrənmək olur. Yəni biz axtarış sisteminə girərək bu məlumatları əldə edə bilirik.
Lakin avtomobillər ölkəmizə gətirildikdən sonra məlumatlar yenilənmir. Məsələn, avtomobilin Azərbaycanda 5-10 il istismar edilərkən hansı hadisələr törətdiyini öyrənmək olmur”.
Müsahibimiz “VİN kod” sisteminin işləməməsinin həm də mental xüsusiyyətlərimizlə əlaqəli olduğunu bildirib:
“Əksər insanlar düşünür ki, “avtomobilim haqqında rəsmi sistemə nəyə görə mənfi xarakteristika yazılmalıdır?!” Çünki avtomobili satarkən bəzən detalların dəyişməsi problemlər yaradır. “VİN kod” sisteminə baxılmayanda isə avtomobil sahibi istədiyi kimi xarakteristika verə bilir. Amma xarici ölkələrdə bütün məlumatlar sistemə işlənir. Ona görə də xaricdən alınan avtomobillərin əvvəlki vəziyyəti barədə səhih məlumat almaq çox asandır.
Amma təəssüflər olsun ki, ölkəmizdə belə bir məlumat sistemi yoxdur deyə nə avtoservislər, nə də YPX bazaya hər hansı bir məlumat daxil etmir. Ola bilsin ki, yalnız sığorta sistemində avtomobillər haqqında müəyyən məlumatlar var. Lakin həmin məlumatlar ictimailəşdirilmir.
Ona görə də vətəndaş “VİN kod” yazarkən heç bir məlumat əldə edə bilmir”.
Surxay Atakişiyev, Bizim.Media