“Qadınlar kişiləri daha çox zorakılığa məruz qoyurlar” – Psixoloq

“Qadınlar kişiləri daha çox zorakılığa məruz qoyurlar” – Psixoloq

Hazırda oxunan: “Qadınlar kişiləri daha çox zorakılığa məruz qoyurlar” – Psixoloq

221406

Gender bərabərliyindən çox danışırıq. Bəzənsə kişiləri qadınların hüquqlarını boğmaqda günahlandırırıq.  Amma reallığa baxanda çox zaman fərqli mənzərə görürük. Etiraf edək ki, son zamanlar qadınlara kifayət qədər çox azadlıqlar verilib.

Yəni bu gün ixtiyari qadın işləyə, təhsil ala və hətta biznes qura bilir. Yəni qadınlar daha əvvəlki kimi evdar deyillər. Amma təəssüf ki, bir çox qadınlar bu imkanları özbaşnalıq kimi qəbul edirlər. Guya ki, onlar istənilən məsələdə qərar verməkdə azaddırlar və onların işinə heç kim qarışa bilməz. Hətta onların qərarlarına qarşı çıxanlara qarşı qadınlar xüsusi qəddarlıq göstərir, qarşısındakını təhqir edir, hədələyir, alçaldırlar”.

Bu fikirləri psixoloq Gülnar Orucova Bizim.Media-ya açıqlamasında bildirib.

O qeyd edib ki, qadınlar sevinməli və onlara tanınan yeni hüquqların qədrini bilməlidirlər:

“Artıq heç bir ər qadınına işləmək, oxumaq, karyera qurmaq qadağası qoymur. Lakin bəzi qadınlar bu imkanları səhv dəyərləndirərək bunu özbaşınalıq kimi dərk  edirlər. Sosial şəbəkələrdə və hətta televiziyalarda elə mənzərələrə rast gəlirik ki, nitqimiz tutulur. Qadınlar utanıb çəkinmədən atalarını, ərlərini təhqir edirlər. Bir sözlə son zamanlar kişilər qadınlar tərəfindən ciddi psixoloji zorakılığa məruz qalırlar.

Qadın tanıyıram ki, aliment puluna ehtiyacı yoxdur.

Amma o pulu ödəyə bilməyən keçmiş ərini həbsə atdırıb. Boşanandan sonra uşaqları atalarına göstərməyən və bundan xüsusi zövq alan qadınlarımız da az deyil.  Bundan başqa ailə büdcəsində daha çox payı olan qadınların bəziləri xüsusilə iddialı olur. Ailəni öz bildiyi kimi idarə etməyə çalışır və bu zaman kişinin qürurunu ayaqlar altına atır.

Elə qadınlar var ki, istədiyinə nail olmaq üçün günlərlə ərinə psixoloji basqı edir. Belə hallarda qarşısındakının maraqları və sosial durumu qətiyyən nəzərə alınmır. Amma tarix boyu ailənin başçısı kişi olub, bu gün də belə olmalıdır”.

Kişilərə qarşı zorakılıq

Müsahibimiz son zamanlar qadınların kişilərə qarşı zorakılıq etmələri haqqında daha çox xəbərlər yayıldığını qeyd edib:

“Hətta o gün bir xəbər oxudum ki, qadın qısqanclıq zəminində kişini bıçaqlayıb. Ondan əvvəlsə belə bir xəbər yayılmışdı ki, bir qadın oteldə sevgilisini bıçaqlayaraq öldürüb. Belə xəbərləri eşitdikcə qadınların bu qədər aqressivləşməsinin cavabını tapa bilmirəm.

Bu cür hallar cəmiyyətimizi hara aparır?

Belə bir qayda yoxdur ki, cinayəti ancaq kişilər etməlidir. Amma qadın zərif məxluq olduğu üçün, onun bu qədər aqressiv olması başa düşülmür. Hələ onu demirəm ki, qadına ucadan danışmaq, kiməsə ucadan irad bildirmək belə yaraşmır. İctimai nəqliyyatda ən çox rast gəldiyimiz mənzərələrdən biri də xanım sərnişinin nəyə görəsə sürücünü təhqir etməsidir. Həmin qadınlar harada olduğunu unudaraq sürücünü  küçə söyüşləri ilə təhqir edir. Hətta əl sumkasını sürücünün başına vuran qadınları da görürük”.

Gülnar Orucova təəssüflə bildirdi ki, cəmiyyətimizdə klassik qadın obrazı unudulub:

“Qadınların bütün məsələlərə baxışları dəyişib. Qadınlar var ki, uşaq olsun deyə formal evliliyə gedir. “Məntiq evliliyi” deyərək yaşlı insanlarla izdivaca girirlər. Ərəblərə ərə gedərək 3-4-cü qadın olmağı belə özlərinə rəva görən qadınlarımız, qızlarımız var. Pula görə kiminsə neçənci arvadı olmaq o qədərmi vacibdir?!  

Bir çox qadınlar zənn edir ki, kişini güclü edən onun puludur. Ona görə də həmin qadınlar hansısa yolla daha çox pul qazanaraq “söz yiyəsi” olmaq istəyirlər. Belə vəziyyətdə isə qadınlar daha çox zorakı və idarəedilməz olurlar. Unutmayaq ki, hər bir qadının hakimiyyətdən, puldan çox əvəzsiz sevgiyə ehtiyacı var. Yaxşı olar ki, qadınlarımız o əvəzsiz sevgi uğrunda mübarizə aparsınlar”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO