Bakıda keçirilən COP29 dünya mediasının gündəmində əsas müzakirə mövzularından biri kimi qalmaqda davam edir. Dünyanın bir sıra aparıcı media qurumlarının yayımladıqları materiallarda Azərbaycanın bu mötəbər tədbiri yüksək səviyyədə təşkil etməsi ilə yanaşı, ölkəmizin zəngin tarixi-mədəni irsi, iqtisadi potensialı, xalqımızın adət-ənənələri də geniş işıqlandırılır.
Bizim.Media xəbər verir ki, “The World of Fine Wine” jurnalında dərc olunan məqalənin müəllifi, 60-dan çox beynəlxalq şərabçılıq müsabiqəsinin münsiflər heyətinin üzvü Pol Uayt Azərbaycanın qədim şərabçılıq ənənələrindən, yerli şərab məhsullarından, üzüm sortlarından ətraflı bəhs edib.
MÖVZU İLƏ BAĞLI:
“Barselona”nın prezidenti COP29-un pavilyonları ilə tanış olub - FOTO
Məqalədə Azərbaycanda şərabçılığın tarixinin 4 min ildən çox olduğu, bu barədə eramızdan əvvəl VII əsrdə Herodotun, I əsrdə Strabonun əsərlərində məlumat verildiyi bildirilib.
Azərbaycanda müxtəlif dinlərin nümayəndələrinə, o cümlədən xristian və yəhudi icmalarına qarşı göstərilən tolerantlığın bu ölkədə şərabçılıq ənənələrinin qorunub saxlanmasında və inkişafında özünəməxsus rol oynadığı qeyd olunub.
Azərbaycanda şərabçılıq turizminin də inkişaf etdiyi vurğulanaraq, Bakının kosmopolit şəhər olduğu, Barselona və İstanbul şəhərlərinin ruhunun burada vəhdət təşkil etdiyi, şəhərin qala divarlarının uzandığı Orta Əsrlər dövrünə aid mərkəzi hissəsinin yüksək səviyyədə bərpa olunduğu diqqətə çatdırılıb.
Qeyd olunub ki, Bakı həm də Azərbaycanın şərab zavodlarını kəşf etmək üçün əla mərkəzdir. Çünki bu şərab zavodlarının əksəriyyəti Bakıdan avtomobillə bir-iki saatlıq məsafədə yerləşir. Onların hamısında yüksəkkeyfiyyətli milli yeməklərin və yerli məhsulların təqdim olunduğu əla restoranlar var.
Pol Uayt məqaləni bu sözlərlə yekunlaşdırıb:
“Azərbaycanı və Azərbaycan şərabını daha yeni tanıdığım üçün oraya qayıtmağı çox istəyirəm”.
Bizim.Media