Köhnə və istismara yararsız avtobusların dəyişib yerinə daha rahat, müasir tipli avtobusların xəttə buraxılması sərnişinləri sevindirən hallardan biridir. Çünki avtobusların daxili və xarici görünüşünün təmiz olması ilk növbədə sərnişinlərin rahatlığı deməkdir.
Maraqlıdır, avtobuslar və yaxud daşıyıcı şirkət yenilənəndə onun sürücüləri də dəyişir?
MÖVZU İLƏ BAĞLI:
Qiymət QALXDI, köhnə avtobuslar YENİLƏNMƏDİ – AYNA yararsız marşrutları xətdən niyə ÇIXARMIR? - FOTO
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında “BakuBus” MMC-dən saytımıza bildirilib ki, qurum tərəfindən yeni marşrut xətlərinin istismarı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən mütamadi olaraq keçirilən müsabiqələrdə iştirak vasitəsilə həyata keçirilir:
““BakuBus” müsabiqənin qalibi olduğu halda həmin xətt “BakuBus”-ın istismarına verilir. Qalib olduğumuz xəttin mövcud sürücüləri ilə birbaşa işçi münasibətlərində olmadığımız üşün onların iş yerləri ilə bağlı qərarlar üçün məsuliyyət daşımırıq”.
Əsmər Əliyeva qeyd edib ki, avtobus dəyişdikdə sürücülərin iş yerlərilə bağlı məsuliyyət daşıyıcı şirkətə aid olmur:
“Həmin xəttin sürücüləri şirkətdə çalışmaq istəyi ilə müraciət edərsə, onların müraciəti mövcud prosedurlar çərçivəsində dəyərləndirilir. Belə ki, hər bir sürücü “BakuBus” MMC-də işə qəbul olunmaq üçün təyin olunmuş bütün daxili qaydalar və tələb olunan prosedurları keçməlidirlər. Sürücülər müvafiq təlim və sınaq mərhələlərindən uğurla keçdikdən sonra, “BakuBus” MMC-də işə qəbul olunma imkanı əldə edirlər”, - deyə qurum rəsmisi əlavə edib.
Nəzrin Mirzəyeva, Bizim.Media