İtaliyada məktəblərdə tətbiq ediləcək yeni qaydaya əsasən, şagirdlərə davranış balı sistemi tətbiq ediləcək. Belə ki, şagirdlərin davranışları 10 bal üzərindən qiymətləndiriləcək. Onların akademik göstəriciləri qənaətbəxş olsa belə, nizam-intizam qaydalarına riayət etməyənlər sinifdən-siifə keçə bilməyəcəklər.
Bu qayda müəllimlərə qarşı artan aqressiya ilə mübarizə aparmaq məqsədi daşıyır. Hətta İtaliyanın Baş naziri Ciorcia Meloni qeyd edib ki, yeni qanun məktəblərə hörməti geri qaytaracaq.
Təəsüflər olsun ki, dünyanın bir çox ölkəsində şagirlərdə görülən davranış pozuntularına ölkəmizdə də rast gəlinir.
Bəs ölkələrin bu hala qarşı mübarizəsi üçün istifadə etdikləri variantlar bizdə də tətbiq olunsa, necə olar?
Məsələn, İtaliyada olduğu kimi Azərbaycanda da şagirdər üçün elə qaydalar müəyyən edilə bilərmi?
Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı, təhsil məsələləri üzrə ekspert Elmin Nuri Bizim.Media-ya açıqlamasında məsələyə münasibətini bildirib.
O, ilk olaraq məktəblərdəki davranış qaydalarıyla bağlı dünya təcrübəsindən danışıb:
“İnkişaf etmiş bir çox ölkələrin təhsillə bağlı ayrıca qanunvericilik göstəriciləri var. Bu həm məktəbdaxili təlim-tərbiyə işlərində, həm də tədris hissəsində özünü göstərir. Avropa ölkələrində təlimlə, tərbiyəylə, şagirdlərin davranış kodeksləriylə bağlı qərarlar xüsusilə seçilir. Bu, şagirdlərlə yanaşı, müəllimlərə də aid edilir. Məsələn, Türkiyədə bu il yeni bir qərar qəbul edildi, bu qərara əsasən, məktəb mühitində, şagirdlərin yanında jarqonlardan, qeyri-etik ifadələrdən istifadə edən müəllimin əməkhaqqından kəsiləcək, təkrarlandığı halda daha ağır addımlar atılacaq. İkinci olaraq isə şagirdin şəklini, videosunu valideyninin icazəsi olmadan sosial şəbəkədə paylaşan müəllimə 5 il qüvvədə olacaq töhmət veriləcək. Bu da müəllimi 5 il boyunca bir çox mətləbdən uzaq salacaq.
Şagirdlər barədə də bir çox qadağalar var, məsələn, dünyanın bir çox ölkəsində smartfonlarla, ağıllı cihazlarla bağlı tətbiq olunan qaydalar var”.
Ekspert Azərbaycanda şagirdlərin davranışını tənzimləyən qaydalar toplusunun olmamasını təəsüflə qeyd edib:
“2 il öncə ölkəmizdə məktəbdə şagird davranış qaydaları müzakirə olundu, bu, cəmiyyətimizdə rezonans yaratdı. Şagirdlərə veriləcək dərəcələr, dərəcələrə görə kartlar və s kimi məsələlər birmənalı qarşılanmadı. Bu qaydalar toplusu müəyyən redaktədən, əlavələrdən, çıxarışlardan sonra tətbiq olunmalı idi. Amma hələ də pilot xarakter daşıyır. Müəllimlərimiz üçün davranış qaydaları olsa da, şagirdlər üçün yoxdur. Qaydalar kodeksi olmadığı halda nəyə istinad edə biləcəyimiz sual altındadır. Düzdür, “Təhsil haqqında” qanunun müddəaları, müxtəlif törəmə sənədləri var, amma nizam-intizam məsələlərini tam tənzimləyən qaydalar kodeksi lazımdır”.
Bizdə şagirdlər üçün hansı davranış qaydaları müəyyən edilə bilər?
“Biz o kodeks yarandıqdan sonra müəyyən edə bilərik ki, ölkəmizdə hansı qaydalar tətbiq oluna bilər. Çünki peşəkar baxımdan istinad edə biləcəyimiz hüquqi mənbə yoxdur. Tədris ili yeni başlasa da, artıq Beyləqanda, İmişlidə, Bakıda başverən bir sıra təhsil hadisələri müzakirə olunub. 3-4 həftə ərzində bu qədər hadisəyə şahid olduqsa, deməli, belə bir kodeksə ehtiyac var”,- deyə Elmin Nuri qeyd edib.
Nəzrin Mirzəyeva, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
21:00 / 02.10.2024
Məktəblərimizdə niyə şagirdlərin davranışını tənzimləyən qaydalar YOXDUR?
Hazırda oxunan: Məktəblərimizdə niyə şagirdlərin davranışını tənzimləyən qaydalar YOXDUR?
Hazırda oxunan: Məktəblərimizdə niyə şagirdlərin davranışını tənzimləyən qaydalar YOXDUR?
214213
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.