2 avqust Azərbaycanda Milli Kino Günü kimi qeyd olunur. 1898-ci il avqustun 2-də fotoqraf Aleksandr Mişon lentə aldığı "Bibiheybətdə neft fontanı yanğını", "Əlahəzrət Buxara əmirinin yolasalma mərasimi", "Qafqaz rəqsi" xronikal sənədli və "İlişdin" adlı bədii süjetlərin müstəqil nümayişini təşkil edib. Həmin gün Azərbaycan milli kinonun yaranma günü sayılır.
Bəs cənub bölgəsinin izləyiciləri Azərbaycan kinosu ilə bağlı nə düşünürlər?
Bizim.Media-nın cənub bürosu mövzu ilə bağlı müxtəlif peşə sahibləri arasında sorğu keçirib:
MÖVZU İLƏ BAĞLI:
Gənc nəslə köhnə film və musiqilərimizi necə SEVDİRƏK? - Kulturoloqdan maraqlı TƏKLİF
Lənkəranda yaşana yazıçı-dramaturq Şəfahət Şəfi keçmiş Azərbaycan filmlərini yenə də izlədiyini deyib:
“O filmlərin hamısı gözəl filmlər idi. Düzdür, sovet zamanı kinoda senzura olub, amma filmlərin cəmiyyətə mübət təsiri kifayət qədər idi. Uşaqlıqda ilk olaraq "Babək" filmini izlədiyimi xatırlayıram. Biz "Axırıncı aşrım", "Dəli Kür" kimi filmlərlə böyümüşük. O zamana yox, o filmlərə qayıtmaq lazımdır.
Həmin filmlərin süjeti elə olurdu ki, tamaşaçı üçün bir yol göstərirdi, məhz o yola qayıtmağın tərəfdarıyam. Müasir filmlərimizi o qədər də izləyə bilməmişəm. Amma bu yaxınlarda dostların məsləhəti ilə Qarabağ mövzusunda çəkilmiş "Mən burdayam, ilahi" filmini izlədim. Çox xoşuma gəldi”.
Masallıda yaşayan sürücü Şamil Abdinov isə bildirib ki, ən sevdiyi film “Arxadan vurulan zərbə”dir:
“Bu filmə uşaq vaxtı baxmışdım. Orada prokuror obrazı var, həmişə ona oxşamaq istəyirdim. Hətta prokuror işləmək arzum idi. İnanmıram, indi elə bir film olsun. Olsa, niyə baxmayım ki?”
Astarada yaşayan pedoqoq Gülü Hüseynova da köhnə filmlərimizlə bağlı xatirələrini bölüşüb:
“Uşaq vaxtı kinoteatrda filmlərə baxmışam. Bakıda olanda "Təhminə" filminin ilk nümayişində iştirak etmişəm. Müasir filmlərimizdən hansı var? Televiziyada seriallar yayımlanır ki, onlar da mənə maraqsız gəlir”.
Lənkəranda yaşayan mədəniyyət işçisi Cahangir Məlikin fikrincə, "Axırıncı aşırım", "Arxadan vurulan zərbə", "7 oğul istərəm" kimi filmlərimiz unudulmur:
“Köhnə filmlərimizdə olan səhvlər belə bu gün bizə nədənsə doğma gəlir. Həm də o vaxtın pafosu belə adama yaxın görünür. Bu tamaşaçı kimi şəxsi fikrimdir. Müasir filmlərimizə gəldikdə isə, Emil Quliyev, Qulu Əskərov, Elvin Adigözəlin filmlərini izləmişəm. Müasir filmlərimizin hansına baxsaq, maddi problemlərin ön planda olduğunu görərik”.
Prodüser-rejissor İntiqam Hacılı isə Azərbaycanda kino sektorunun hazırki vəziyyətindən söz açıb:
“Ölkədə kino sənayesi yoxdur, istehsalat bəzi prodakşnlara məxsusdur. Bir də müstəqil şəkildə istehsal olunan filmlər var, onlar da çox çətinliklə ərsəyə gəlir. Hər istehsal olunan audiovizal məhsul da kino deyil. Yəni kino adına Azərbaycanda ildə 2-3 film istehsal olunur, ya olunmur.
Amma son on beş ilin nəticəsi olaraq ölkədə az-çox baxılası filmlər var. O filmlərin də bəziləri internet resurslarında yoxdur. Tamaşaçı filmləri kinoteatrda izləməlidir. Bunun təsiri özünü cəmiyyətdə də göstərir. Cəmiyyət tərbiyənin yalnız ailələrdən alır, hər ailənin tərbiyə istiqaməti də uğurlu olmur. Cəmiyyətin əsas hissəsi tərbiyəni mədəniyyətdən alarsa, uğurlu nəticə alınar.
Yaşlı nəsil ona görə sovet dönəmində çəkilən filmləri sevir ki, həmin filmlərin onların formalaşmasında rolu olub. Gənc nəslə də həmin ab-hava nümayiş etdirilsə, nəticə eyni olar.
Buna görə, Azərbaycanda kino və mədəniyyətin digər sahələrini cəmiyyətə çatdırma mexanizmlərini işə salmaq lazımdır. Əks halda, cəmiyyətdə bu gün baş verən neqativ hadisələr daha da iyrənc hal alacaq, nəticəsini aradan qaldırmaq mümkün olmayacaq. Cəmiyyəti saflaşdıran, xilas edən vacib sahələrdən biri də mədəniyyətdir”.
Sabutay, Bizim Media, Cənub bürosu