Bir çox ölkələrdə olduğu kimi, Azərbaycanda da onlayn tanışlıq son illərdə sürətlə inkişaf edib. Tanışlıq tətbiqlərinin populyarlığı partlayış dərəcəsində artıb və bir çox insan yaxınlıqlarında digər tənha insanlarla tanış olmaq üçün bu tətbiqlərə müraciət edir.
Bu proqramların qazancı nədir?
İT mütəxəssisi Elvin Abbasov mövzu ilə bağlı Bizim Media-ya danışıb. O, qeyd edib ki, 90-cı illərin sonundan bəri müxtəlif tanışlıq saytlarının dövrü başlayıb:
MÖVZU İLƏ BAĞLI:
Başqasının adına saxta profil açanları bu cəza GÖZLƏYİR - Hüquqi İZAH
“Daha sonra Facebook kimi böyük platformalar yavaş-yavaş həyatımıza girdi. Smarfonlar çıxdıqdan sonra isə mobil tətbiqlər üzərində tanışlıq şəbəkələri fəaliyyətə başladı. Hansı ki, bu tətbiqlərin bəziləri ödənişli, bəziləri ödənişsizdir. Bu tətbiqlərin hər birinin maddi dayanıqlılığını təmin edən marketinq bölmələri var ki, onlar böyük pullar qazanırlar”,- deyə ekspert bildirib.
Nə üçün virtual ünsiyyət bəzi insanlar üçün daha asan və üstündür?
Psixoloq Gülər Məmmədova saytımıza açıqlamasında deyib ki, buna səbəb gənclərin qapalı platformalarda özlərini daha rahat və komplekssiz hiss etmələridir:
“Bir çox gənclər sosial münasibətlərini qapalı platformalarda qurmaq üçün müəyyən cəhdlər göstərirlər. Hansı ki, bu qapalı platformalarda onlar kimliyindən aslı olmayaraq bir-biriləri ilə daha rahat ünsiyyətə daxil olurlar. Çünki bu zaman həmin insan öz “real mən”indən çox “ideal mən”indən çıxış edərək, özündə olmayan cəhətləri varmış kimi göstərərək komplekssiz ünsiyyətə daxil olur.
Həmçinin sosial fobiyası, çəkingənliyi, qapanıqlılığı olan insan da virtual ünsiyyətdə rahat olduğu üçün buna daha çox üstünlük verir. İnsanlar sanki özlərini əziyyətə salıb hansısa bir işlə məşğul olmaq, müəyyən bacarıqlara yiyələnmək istəmirlər. Bu səbəblə onlar belə tətbiqlərə qatılaraq özlərini qarşılıqlı münasibətlərdə təsdiqləmək istəyirlər. Sonda isə bu, problemlərə, müəyyən konfliktlərə səbəb ola bilir”.
Çiçək Sadatova, Bizim.Media