Azərbaycanda körpü tikintisinə ötən əsrin 30-cu illərindən başlanılıb. Bu körpülərdən biri də paytaxtın Xətai rayonunda Afiyəddin Cəlilov ilə Üzeyir Hacıbəyli küçələrini birləşdirən, uzunluğu 202 metr, eni 17 metr olan 12 aşırımlı Cavanşir körpüsüdür.
Bizim.Media xəbər verir ki, bu körpü yüklərin qısa zamanda dəniz limanına çatdırılması üçün salınmış dəmir yolunun hərəkətinə maneə olmamaq üçün 1962-ci ildə istismara verilib.
Əlbəttə ki, yolötürücüsünün texniki parametrləri, yükgötürmə qabiliyyəti XX əsrin 60-cı illərində qüvvədə olan hesabi yüklərə uyğun layihələndirildiyindən artıq dövrün tələblərinə cavab vermir.
Hətta günün pik saatlarında Cavanşir körpüsü üzərində uzanan tıxacı seyr edən siravi paytaxt sakinləri belə köhnə tikilinin bu qədər nəqliyyat vasitəsinə necə “tab gətirdiyinə” heyrətlərini ifadə edirlər.
Cavanşir körpüsü ilə bağlı digər problem onun buraxılış qabiliyyətinin məhdudluğudur. Yuxarıda da qeyd edildiyi kimi, tikildiyi dövrün tələblərinə uyğun salınan körpü hazırkı intensiv nəqliyyat hərəkətinin tələblərinə cavab vermədiyindən onun üzərində tıxac yarandığının şahidi oluruq. Yaranan tıxac isə üzərindəki avtomobillər və hərəkət iştirakçıları üçün böyük təhlükədir. Belə ki, problemlərin aradan qaldırılması ilə bağlı xaricdən iki dəfə dəvət olunmuş ekspertlərin iştirakı ilə yolötürücüsünə baxış keçirilib. Keçirilmiş müayinələr zamanı yolötürücüsünün aşırım qurğularının tirlərində, rigellərdə, dayaqlarda korroziyanın meydana gəlməsi, qopmaların, dağılmaların olması, bəzi yerlərdə armaturların, dəmir-beton konstruksiyaların bütövlüyünün pozulması, onların üzə çıxması halları və polad-dayaq yastıqlarında korroziya ilə yanaşı, yerdəyişmələrin də olduğu müəyyən edilib. Yekun qənaət ondan ibarət olub ki, Cavanşir körpüsü ümumilikdə nəqliyyatın hazırkı intensivliyinə uyğun gəlmir və risklidir.
Bütün bunlar körpünün istismar müddətini başa vurması deməkdir. Artıq körpünün sökülməsinə ehtiyac yaranıb. Bu təcrübəni Qərb ölkələrində də dəfələrlə izləmişik ki, köhnə körpülər partladılaraq yeni yol qurğusu ilə əvəz edilir.
Bununla yanaşı, Cavanşir körpüsünün salınması həmin vaxt ərazidə mövcud olmuş liman və dəmir yolu ilə bağlı olub. İndi bu infrastrukturların heç biri yoxdur. Hazırda həmin ərazinin yüksək standartlara uyğun yenidən qurulduğunu nəzərə alsaq, körpünün bu mənzərəyə xələl gətirdiyini də yəqin etmiş olarıq.
Yuxarıda sadalanan amillər müasir dövrün çağırışlarına cavab verməyən, paytaxtın mərkəzində təhlükə saçan və köhnə infrastruktur olan Cavanşir körpüsünün sökülməsini labud edir.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
17:02 / 05.05.2024
Cavanşir körpüsü bu səbəbdən sökülməlidir - DETALLAR
Hazırda oxunan: Cavanşir körpüsü bu səbəbdən sökülməlidir - DETALLAR
Hazırda oxunan: Cavanşir körpüsü bu səbəbdən sökülməlidir - DETALLAR
190556
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.